Qriqorçuk iddialı danışdı: “Nə 4-cü, nə də 3-cü olmaq barədə düşünürük”

14:30 30 Aprel 2015

Azərbaycan kubokunda 2014/15 movsumunun finalcıları muəyyənləşib.
 
 
 
SportArena.az xəbər verir ki, “Qarabağ” “Simurq”la, “Neftçi” isə “İnter”lə yarımfinal duelindən qalib ayrılıb. Ağdam təmsilcisinin evdəki ilk oyunda qazandığı 1:0 hesablı qələbə bu komandanı finala cıxarıb. Çunki Zaqataladakı cavab matçında hesab açılmayıb. “Neftçi” isə səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzsa da, bu, paytaxt klubunun finala çıxmasına mane olmayıb. Çunki ilk oyun 2:0 “Neftci”nin qələbəsi ilə nəticələnmişdi.
 

Kubokun yarımfinal oyunlarının nəticələrı “Qəbələ”nin işinə yarayıb. Belə ki, “Simurq”un yarışdan kənarda qalması çempionatda 4-cü yeri tutan komandanın da Avropa Liqasında iştirak edəcəyini dəqiqləşdirib. Hazırda bu pillədə qərarlaşan “qırmızı-qaralar” xal hesabında “Simurq”dan irəlidədi.

Baş məşqçi Roman Qriqorçuk avrokuboklara vəsiqə hələ rəsmiləşmədiyindən təbrikə lüzum görmür: “Razıyam, yarımfinal oyunlarının nəticələri “Qəbələ”yə psixoloji üstünlük qazandırıb. Belə deyərdim, hazırda üzərimizdə güclü təzyiq yoxdu. Lakin bununla belə, əsas vəzifə qarşıdakı oyunlara qələbə ruhunda köklənməkdi. Şəxsən mən indidən hadisələrin hansı məcrada davam edəcəyini düşünməklə beynimi yormuram. Onu bilirəm ki, gücümüzü buna sərf etməməli, yalnız işləməli və irəli baxmalıyıq. Onda hər şey istədiyimiz kimi olacaq”.

“Qırmızı-qaralar” son səfər oyunlarında qazandığı 6 xaldan sonra ardıcıl 2-ci mövsümdə bürünc medalçı olmaq şansını artırıb. Baş məşqçinin bu məsələyə də baxışı birmənalı deyil: “Biz nə 4-cü, nə də 3-cü olmaq barədə düşünürük. Hazırda bütün diqqətimizi növbəti matça yönəltmişik. Məqsədimiz bundan sonra keçirəcəyimiz 4 oyunun hamısında qalib gəlməkdi”.


Digər xəbərlər

Xəbər xətti