Yazıçı xahiş etdi, Elxan Məmmədov göstəriş verdi - "Sumqayıt" "Neftçi"yə bilərəkdən uduzacaq?

14:53 30 Aprel 2015

Azərbaycan Premyer-Liqasının 32-ci turunda Bakıda keçiriləcək oyunda növbəti rəzalət yaşana bilər.

 

SportArena.az xəbər verir ki, qonaqların - “Sumqayıt”ın “Neftçi”yə bilərəkdən uduzacağı gözlənilir. Bu barədə məlumatı saytımıza “Neftçi”dəki mənbə verib. Mənbənin verdiyi məlumata görə, “Sumqayıt”a bilərəkdən uduzmaq göstərişini AFFA-nın baş katibi Elxan Məmmədov verib. Ondan isə bu xahişi “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev edib. Maraqlıdı ki, Çingiz Abdullayev Elxan Məmmədovla elə klub əməkdaşlarının yanında, hamının eşidə biləcəyi uca səslə danışıb və “Neftçi”nin qələbə qazanmasına şərait yaratmasını baş katibdən xahiş edib:

 

“Elxan, bilirsən də, bizim “Sumqayıt”la oyunumuz var. Cəzalı və zədəli futbolçularımız çoxdu. Belə heyətlə “Sumqayıt”a qalib gələ bilməyəcəyimizi dedilər. Mənə onu da dedilər ki, “Sumqayıt”a xal lazım deyil. Onlara xal lazım deyilsə, bizimlə oyunda niyə güc sərf etsinlər?  Bilirsən də, uduzsaq, “Qəbələ” bizi keçə bilər. Sən bu məsələni həll et, “Sumqayıt” bizə uduzsun. Həm də tapşır ki, uşaqlara qarşı sərt oynamasınlar”.

 

Mənbə bildirir ki, Çingiz Abdullayev Elxan Məmmədovla danışandan sonra klub əməkdaşlarına müraciət edərək “narahat olmayın, hər şey qaydasında olacaq” deyib.

 

Məsələyə “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanovun münasibəti belə oldu: “Bu, nəinki əsassız, tamamilə əsassız məlumatdı. Belə bir şey mümkün deyil. "Neftçi" 3-cü yerə yox, lap çempionluğa da oynasa və gəlib bizə desə ki, sizə xal lazım deyil bizə xal verin, yenə vermərik. Heç bizə belə bir müraciət də oluna bilməz. Çünki bilənlər bilir ki, "Sumqayıt" heç vaxt belə söhbətə getməz. Ola bilsin ki, bizə xal o qədər də lazım deyil. Amma qarşımıza hədəf qoymuşuq ki, bu oyundan qələbə ilə ayrılaq. Meydançaya da 3 xal üçün çıxacağıq. Elxan Məmmədov xahiş etsə necə? Mən heç vaxt inanmaram ki, Elxan Məmmədov belə şeylərə görə bizdən nə isə xahiş edə”.

 

“Neftçi” tərəfi isə xəbəri bir cümlə təkzib etdi: “Biz bu cür absurd iddialara münasibət bildirmək istəmirik”.rekord.az


Digər xəbərlər

Xəbər xətti