"Bakı-2015"in Uniformaların Paylanması və Akkreditasiya Mərkəzində Oyunların uniformalarının və akkreditasiya vəsiqələrinin təqdimat mərasimi keçirilib.
SportArena.az-ın "Trend"ə istinadən yaydığı xəbərə görə, Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq 12-28 iyun 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün “Bakı-2015” uniformalarını və akkreditasiya kartlarını götürüb.
Uniformalar Oyunların uniforma təchizatçısı "Giltex" şirkəti tərəfindən istehsal olunur. "Giltex" şirkəti, "Bakı-2015" I Avropa Oyunları üçün ümumilikdə 110 000 ədəd olmaqla, 7 növdə uniforma istehsal edəcək. Alov Qoruyanlar da daxil olmaqla BAOƏK-nin bütün işçi heyəti I Avropa Oyunları zamanı geyinmək üçün uniformalarını növbəti həftələr ərzində əldə edə biləcəklər.
"Bakı-2015"in Uniformalarının paylanması və Akkreditasiya Mərkəzində olan nazir Azad Rəhimov bildirib ki, I Avropa Oyunları Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq çoxnövlü idman tədbiridir: “Beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək. İşçi heyətimizin və könüllülərimizin öz uniformalarını qürurla geyinəcəklərinə şühbə etmirəm. Onlar ölkəmizi və onun qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər".
S.Kleq isə deyib ki, I Avropa Oyunları Azərbaycan üçün tarixi hadisəyə çevriləcək: “Mən dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunluğumu bildirirəm. Uniforma və akkreditasiyaların artıq təqdim olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına bir addım daha yaxınlaşdırır".