Əlcəzair çempionatında dünya futbolunda görünməmiş hadisə yaşanmaqdadır.
Mövsümün sonuna 4 tur qalmış güclülər dəstəsində çıхış edən 16 komandanın hamısının həm çempionluq şansı, həm də aşağı liqaya düşmək ehtimalı var.
Belə ki, XXVI turdan sonra ilk pillədəkai "Setif"lə son sıradakı "Hüseyn Dey" arasında cəmi 11 хal fərqi var. Bu isə 16 komandanın hamısının riyazi olaraq çempionluq şansını qoruması deməkdi. Həmçinin onlardan hər biri aşağı liqaya yuvarlana bilər.
Əlcəzair milli komandasının sabiq baş məşqçisi Əbdürrghman Mehdui bununla bağlı BBC-yə verdiyi açıqlamada "34 illik futbol karyeramda bu vəziyyətə şahidlik etməmişəm. Klub sahibləri baş məşqçiləri və futbolçuları tez-tez dəyişərək komandanın stabil çıхışını əngəlləyir. Futbol akademiyalarına və gənc futbolçulara dəstək verilmir. Bunun əvəzində tez bir zamanda nəticə qazanmaq üçün "ulduz ovu"na başlayırlar" deyib.
Qeyd edək ki, hazırda Əlcəzair çempionatında Azərbaycanda oynamış bir futbolçu çıхış edir. Belə ki, "Xəzər Lənkəran" (2011/12), "Turan Tovuz" (2012/13) və "Simurq"un (2013/14) sabiq üzvü Salif Ballo ilk dövrədə hazırda 2-ci pillədə qərarlaşan "MO Bejaya"nın (14 oyun, 3 qol) formasını geyinib, ikinci dövrədə isə 3-cü pilləni tutan "ASM Oran"da (7 oyun) top qovur.