YAZI Gülün, cənablar, gülün

16:20 1 May 2015

Futbolumuzu bu günə salanlar gülürlər, özü də ürəkdən gülürlər. İllərdir futbolumuzu bu günə salmaq üçün daha nələr etmədilər?

 

Neftin pullarını sağa-sola səpələyən kim, əcnəbilərdən pul tutan kim, klub sahiblərini futboldan iyrəndirən kim... Hansını deyəsən axı? 2005-ci ildən bu yana futbolumuza milyardlarla pul xərcləndi. Qarşılığında nə oldu? Heç nə!

 

Moldovaya baxıb, utanmaq lazımdır. Bizim xərclədiyimizdən az qala 100 dəfə az pulla Avroliqanın qrupunu da gördülər, milli səviyyəsində də bizdən pis olmadılar...

 

Gülün, cənablar, gülün. Hamınız istəyinizə çatdız. Zatən, bir əldən idarə olunmayan futbolun sonu bundan artıq ola bilməzdi. Hərə bir tərəfə dartdı, hərə öz mənfəətini güddü.

 

Gülün, gülün. Futbolumuzu dilənçi kökünə saldız. Federasiyalı, klublu pulları elə insafsızcasına dağıtdız ki, indi çoxunuz qara qəpiyə möhtacsız. Gülün...

 

“İnter”lə, “Simurq” dağılır. “Bakı” 1-ci diviziona düşür, AZAL rəhbərliyi hər an geri çəkilmək üçün fürsət axtarır. “Sumqayıt” yarandığı gündən problemlər içində çabalayır.  Millimizdə Foqtsla başlayan, lakin AFFA rəhbərliyi üçün vaxtsız bitən almanlaşdırma siyasətinin ikinci mərhələsi hesab olunan “Neftçi”nin də sabahı qaranlıqdır. Deyirlər, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov artıq “Neftçi” üçün əcnəbi məşqçi axtarışlarına başlayıb. Gülməli vəziyyətdir, elə deyilmi?

 

İllərdir elə danışırdılar ki, proseslərin içində olmayan adam deyərdi ki, futbolumuz ildırım sürəti ilə inkişaf eləyir. Bəs, nə oldu? Hanı sizin topunuz, hanı sizin topxananız?

 

İndi klubların əksəriyyəti AFFA-ya minnətçi düşüb ki, bizə pul ayırın klubumuzu  yaşadaq. AFFA-da da bığaltı gülən kim, gülümsəyən kim. Bir-iki klubu çıxmaqla, bütün futbolu əllərinə keçiriblər artıq. Niyə gülməsinlər, axı?

 

Gülün, cənablar, gülün.

Emin ABBASOV


Digər xəbərlər

Xəbər xətti