Simurq"un maliyyə problemləri üzündən dağılmaq üzrə olduğunu xəbər vermişdik. Zaqatala klubunun bu vəziyyətə düşməsi yerli azarkeşlərin də ciddi narahatlığına və narazılığına səbəb olub.
SportArena.az xəbər verir ki, "Simurq"un ən fəal azarkeşlərindən olan İnqilab Soltanov komandanın durumu ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Cənab Prezident! Sizə zaqatalalı futbol azarkeşləri adından müraciət edirəm. Məlum edirəm ki, vaxtilə tarixin arxivinə köçmüş "MKT-Araz", "Karvan", "Araz Naxçıvan"ın ardınca Zaqatala təmsilçisi "Simurq" klubu da dağılmaq təhlükəsi ilə üz-üzədi. Belə ki, artıq klub rəhbərliyi bütün heyəti toplayaraq onlara maaş verə bilmədiklərini, bu üzdən vəziyyətin heç də yaxşı olmadığını bildirmişlər. Möhtərəm Prezident! Sizin "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nı təsdiq etməyinizdən sonra biz azarkeşlər çox ümidli idik ki, Azərbaycanın hər bölgəsində futbolda inkişaf göz oxşayacaq. Təəssüf ki, futbolumuzun başında duranlar hər dəfə sizə yalan məlumatlar verməklə futbol təsərrüfatımıza ciddi ziyanlar vurmaqda davam edirlər. Futbolumuz inkişaf etsəydi, ən azından milli komandalarımızın nəticələri ürəkaçan olardı. Çox üzücü haldı ki, biz heç milli komandalarımızın da nəticələrinə sevinə bilmirik. Cənab Prezident! Bu gün məni sizə bunlar haqqında yazmağa vadar edən yeganə şey "Simurq" klubunun düşdüyü çətin və çıxılmaz vəziyyətdi. Sizdən 120000-lik Zaqatala əhalisi adından, burdakı futbol azarkeşləri adından xahiş edirəm, Zaqatala futboluna himayədarlıq edəsiniz. Çünki Zaqatala klubu hazırda "ölüm-qalım" mübarizəsi aparır. İnanıram ki, sizin məsələyə müdaxilənizdən sonra bizim "Simurq" klubu yenidən həyata qayıda bilər.
Dərin hörmətlə, Zaqatala rayon sakini İnqilab Soltanov".