Bunun özü isə AFFA üçün yetərincə ciddi siqnaldı. “Bakı", “İnter" və “Simurq" fəaliyyətini dayandırsa, o zaman AFFA 6 komanda ilə çempionat keçirməli olacaq. Lap deyək ki, I Diviziondan yaxşı sponsoru olan “Zirə" gəldi və komanda sayı 7 oldu. Amma bunun özü də biabırçı göstərici sayılmalıdı. Azərbaycanda futbolun inkişafına dair 10 illik dövlət proqramının başa çatdığı bir zamanda bu cür biabırçı durumun yaranması federasiyanın imicinə də böyük zərbədir. Görünür, məhz buna görədir ki, AFFA prezidenti Rövnəq Abdullayev kömək üçün hökumətə ağız açmalı olub.
Bu barədə mətbuatda geniş məlumat yer almasa da, müraciət futbol “mətbəx"ində geniş müzakirə olunur. R.Abdullayev xahiş edib ki, hazırkı çətin dönəmdə klubların ayaqda qalması üçün dövlət tərəfindən pul ayrılsın. Daha dəqiq, dövlət elitada çıxış edəcək hər klub üçün ən azı 1,5 milyon manat yardım göstərsin. Əldə etdiyimiz məlumata görə, dövlət tərəfindən bu müraciətə artıq müsbət yanaşılıb və federasiya rəhbərliyinin xahiş etdiyi məbləğin klublara ödəniləcəyi gözlənilir. Bu plan reallaşarsa, Azərbaycan futbolunda hansı yeniliklər olacaq?
“Zirə" xaric…
Premyer Liqada komandaların sayının artırılacağını indidən demək çətindir. Güman ki, gələn mövsüm format dəyişməyəcək və çempionat 10 komanda ilə keçiriləcək. Amma əgər dövlət klublara yardım əlini uzatsa, o halda, niyə də komandaların sayı ən azı 14-ə çatdırılmasın? Düzü, bu variant da hazırda müzakirə mövzusudu. Artıq bununla bağlı müəyyən məlumatlar əldə etmişik. Heç kimə sirr deyil ki, hazırda I Divizionda mübarizə aparan klubların“Zirə" xaric, heç birinin güclü maliyyə dayaqları, Premyer Liqada komanda saxlayacaq gücə malik sponsoru yoxdur. Ona görə də onlara əlavə maliyyə dəstəyi qaçılmazdı.
Elə AFFA prezidentinin də dövlətdən yardım istəməsi ilk növbədə buna hesablanıb. Deyək ki, hazırda I Divizionda mübarzə aparan iddialı klublar 400-500 minlik illik büdcə ilə çempion ola bilərlər. Amma həmin büdcə ilə Premyer Liqada oynamaq qeyri-mümkündür. Təsəvvür edin ki, elitada ən az büdcəyə malik klub autsayder “Sumqayıt"dır ki, onların da illik büdcəsi 1,5 milyon manatdır. Ancaq dövlətdən ayrılan milyon yarımlıq büdcənin hesabına I Divizionun 3-4 iddialı klubunun büdcəsini 2 milyon manata qədər qaldırıb Premyer Liqada oynamalarını təmin etmək olar.
Federasiya da 2015/16-cı illər mövsümü üçün elitada komandaların sayını məhz bu amilin hesabına artırmalıdır. Bu mövsüm Premyer Liqada sonuncu yeri tutan komandanın “aşağı" düşməyəcəyi ehtimalını nəzərə alsaq, ilk növbədə sual doğuran məqam elitaya gələcək 5 klubla bağlı olacaq. Bizə çatan məlumatda bunların “Zirə", “Turan Tovuz", “Kəpəz", “Rəvan" və “Neftçala" olacağı göstərilir. Amma “Kəpəz"in infrastrukturunun bərbad durumda olduğunu nəzərə alan AFFA ehtimal var ki, seçimi bu baxımdan daha yaxşı vəziyyətə olan “Şəmkir"in və ya MKT “Araz"ın üzərində edə bilər.
Beləliklə, I Diviziondan gələn 5 komandanın hesabına növbəti mövsümdə Premyer Liqada 14 komandalı çempionat izləyə bilərik. Burada bir müsbət məqam da bölgə komandalarının sayının çox olmasıdır. Etiraf etmək lazımdır ki, Azərbaycanın bölgələrində futbol daha çox sevilir, stadionlara daha çox azarkeş gəlir. Futbolun inkişafını, çempionatın maraqlı keçib-keçməməsini də məhz tribunalar özündə əks etdirir. Bu gün I Divizionun Şəmkirdə, Qusarda, Tovuzda keçirilən çempionat oyunlarında stadionlara 1500-2000 azarkeşin gəlməsi də sözlərimizin sübutu sayıla bilər.
Təsəvvür edin, bu komandalar Premyer Liqada oynasalar, stadionlara nə qədər azarkeş axışar. Premyer Liqaya da nəzər salsaq, daha çox azarkeşin Zaqatalada, Qəbələdə, Lənkəranda olduğunu görərik. Yaxud, “Sumqayıt" autsayder olsa belə, hər ev oyununda tribunalar dolu olur. Əgər 14 komandalı çempionat keçirilərsə, növbəti mövsümdə çox maraqlı birincilik izləyə bilərik. Bundan başqa, hər kəs də arxayın olacaq ki, mövsüm boyu heç bir komanda maddi sıxıntı keçirməyəcək, heç bir klubun futbolçusu maaş ala bilməməsindən şikayətlənməyəcək, mövsümü sona qədər oynaya biləcək.
Bir məqama da diqqət yetirək - 1,5 milyon manat komandalara bəs edəcək? Bu yerdə yada məşhur atalar sözü düşür - “bəy verən atın dişinə baxmazlar". Etitaya yeni vəsiqə qazanacaq komandalar üçün əlbəttə, bu, böyük məbləğdir. Amma çempionat başlamamış komandalar avtomatik olaraq 2 qrupa bölünəcəklər - çempionluğa oynayanlar və pulun xətrinə elitada çıxış edənlər. Bunun qarşısını almaq üçün göstərilən məbləğ kifayət deyil. Hər kluba heç olmasa 3 milyon pul ayrılmalıdır ki, elitaya yeni gələn komandalar heyətlərini 1-2 səviyyəli legionerlə gücləndirsinlər. Əks təqdirdə həmin komandalar qapazaltına çevriləcəklər və birinciliyə maraq azalacaq.
Klublar müstəqil olmalıdı
Dövlət tərəfindən ayrılacaq vəsaitin müsbət tərəflərindən danışdıq. Amma bu məsələnin mənfi, narahatlıq doğuran tərəfləri də var. Bu da klubların tam müstqil olub-olmayacağı ilə bağlıdır. Dövlət tərəfindən vəsait ayrılırsa, şübhəsiz, onun xərclənməsinə də dövlət özü nəzarət etməlidir. Yoxsa, hər kluba milyon yarım verəsən ki, get necə istəyirsən dağıt, buna qətiyyən yol vermək olmaz. Amma nəzarət klubların daxili işinə, siyasətinə müdaxilə olmadan edilməlidir. Yəqin ki, dövlətə AFFA ağız açdığı üçün həmin vəsaiti də federasiya alıb klublara paylayacaq. Əgər federasiya vəsaiti verəndən sonra klubların daxili işinə, transfer siyasətinə, hədəflərinə müdaxilə edəcəksə, o zaman hansısa sağlam rəqabətdən və inkişafdan söhbət gedə bilməz.
Hazırda I Diviziondakı durum biz qeyd etdiyimiz kimidir. Federasiyadan maliyyələşən “Turan Tovuz", “Kəpəz", “Şəmkir", “Şuşa Qarabağ", “Neftçala", “Qaradağ Lökbatan", “Ağsu" faktiki AFFA-dan gələn sifarişlə oturub-dururlar. Premyer Liqada belə olmamalıdır. Əgər aşağıdan gələn 5 klub da “Sumqayıt" kimi AFFA tərəfidən idarə olunacaqsa, o zaman heç o komandaları elitaya gətirməsələr yaxşıdır. Niyə məhz bu komandaların adını hallandırırıq? Çünki “Qarabağ", “Qəbələ", “Xəzər Lənkəran" kimi klublar həmin milyonsuz da keçinə bilərlər. Ona görə də federasiya bu klubların üzərində heç bir basqı qura bilməz. Yenə deyirik, ideya çox yaxşıdır və dəstəkləyirik. Bir şərtlə ki, klubların daxili işinə, məşqçi və futbolçu seçiminə AFFA tərəfindən müdaxilə olunmasın.
I Divizionu da yaddan çıxarmaq olmaz
Premyer Liqaya ediləcək yardımdan danışdıq, amma I Divizionu da unutmaq olmaz. Çox yaxşı olardı ki, dövlət tərəfindən I Divizion klublarına da müəyyən məbləğdə yardımlar edilsin. Milyon yarım olmasın, olsun 150-200 min manat. Məsələn, bu gün “Göyəzən" kimi köklü klub öz futbolçusuna 20-30 dollar maaş verir ki, bu da çox gülməlidir və eyni zamanda təəssüf hissi doğurur. Mingəçevir kimi şəhəri təmsil edən “Energetik"in futbolçuları 110-120 manat maaş alırlar.
Və ya “Şuşa Qarabağ" kimi yaralı bölgəmizi təmsil edən komanda məşq etməyə meydan tapmır. Çünki həmin meydana verəcək icarə pulu yoxdur. Dünənə kimi “İnter Arena"da səhər saat 9-da da olsa 1 saatlıq məşq edə bilirdilər. “İnter"in məlum duruma düşməsindən sonra Şuşa təmsilçisinin də stadionsuz qala biləcəyi ehtimalı var. Bir sözlə, müəyyən maddi dəstək sayəsində I Divizionun səviyyəsini də artırmaq olar ki, bunun özü də futbolumuzun inkişafına müəyyən təkan vermiş olacaq
“Het-trik news" qəzeti