“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 3-də Biləsuvara gətirilib.
SportArena.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən plakatlar tutan sakinlər məşəl yürüşünün iştirakçılarını qarşılamaq üçün şəhərin küçə və meydanlarına toplaşıblar.
Əvvəlcə Biləsuvar şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub. Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Səbinə Hüseynova məşəli qəbul edib.
Sonra 10 məşəlçi Oyunların rəmzi qapısından 4 kilometr məsafədə yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları altında Nizami Gəncəvi, Tofiq İsmayılov, Mübariz İbrahimov və Səməd Vurğun küçələrindən keçərək şəhərin mərkəzi meydanına gəliblər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.
Kikboksinq üzrə dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, respublika Kikboksinq Federasiyasının baş məşqçisi Ehtram Məcidov məşəli Heydər Əliyev meydanında qurulmuş səhnəyə qaldırdı. Burada məşəli alovlandıran Ehtiram Məcidov birinci Avropa Oyunlarının çırağını yandıraraq sərbəst güləş üzrə respublika çempionu İqbal Aslanova təqdim edib. İqbal Aslanov çırağı yarışlar başa çatana qədər rayonda saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı mərasimi daha da rövqnəqləndirib.
Birinci Avropa Oyunlarının məşəli Biləsuvardan sonra Cəlilabada yola salınıb.