Şərf qalmaqalı - Təbrizdə saxlanılan azarkeş danışdı

23:41 3 May 2015

Cənubi Azərbaycanı, Təbrizi təmsil edən “Traktorsazi”nin oyunlarına baxmaq üçün sərhəddi aşıb İrana keçənlərimiz az olmur. İran çempionatının 28-ci turunda keçirilən “Traktorsazi” - “Qostareş Fulad” (1:1) oyununu izləmək üçün də Bakıdan gedənlər olub. Amma hər şey heç də düşündükləri kimi olmayıb.

 

“Traktorsazi”ni izləmək həvəsiylə Təbrizə gedən Famil Salehoğlu orda başına gələnləri danışdı. Famil bəyin başına gələnləri öz dilindən eşidək:

“Bizim - dostumla mənim Təbrizə getməkdə məqsədimiz “Traktor”un oyununa baxmaq idi. Oyuna bir gün əvvəldən getmişdik. Həm rahat yerbəyer olaq, həm də azarkeş çox olur deyə, bilet problemiylə üzləşməmək üçün. Elə bir gün əvvəl də “Traktor”un atributlarını aldıq. Həmçinin, üzərində türk dilində “Hər kəs sevər biz ölürüz” sözləri yazılmış şərf də aldıq. Elə hər şeyə səbəb də bu yazı oldu. Nə isə, getdik stadiona. Hətta üzümüzə “T” hərfi yazdırdıq ki, xalis azarkeş olaq. Bilet alıb girişə yaxınlaşdıq. Bir nəfər mülki geyimli şəxs səhv etmirəmsə, ləhcəmə görə mənə yaxınlaşdı. Boynumdan asdığım şərfə baxmaq istədiyini söylədi. Mən də göstərincə, daha bir nəfər yaxınlaşdı və onlarla getməli olduğumu söylədi.

Stadionun girişində ofis idi, nə idi, bilmədim, məni ora apardılar. Başladılar sorğu-suala. Səbəb kimi onu göstərdilər ki, türk dilində yazılmış şərfin boynumdan asılması qeyri-qanuni imiş. Erməni, rus və digər dillərdə yazı yazılsa olar, bircə türk dili olmazmış, qardaş. Məni düz iki saat sorğu-sual etdilər. Deyirəm a kişi, futbola baxmağa gəlmişəm e. İnanmırdılar. Tərslikdən pasportlarımız da oteldə qalmışdı. Otelin kartını verdim, zəng edib dəqiqləşdirdilər. Dedilər səni buraxacağıq, amma futboldan sonra. Başladım səs-küyə ki, mən futbola gəlmişəm, imkan vermirsiz baxım. Birinci hissənin başa çatmasına 15-20 dəqiqə qalmış məni bir şərtlə buraxdılar ki, oyundan sonra təkrar qayıdım onların yanına. Orda Əli adlı bir dostum var, onun dilindən iltizam alıb buraxdılar oyuna baxmağa. Yanıma da bir nəzarətçi qoşdular. Telefonumu və üzərimdəki pulu-zadı da girov götürdülər ki, qayıdanda verəcəyik.

Oyundan sonra sorğu-sual yenə davam etdi. Axırda biri dedi ki səni buraxırıq, amma bir şərtlə ki, stadiona bir də belə sərf gətirmə. Soruşdu ki, yenə gələcəksən? Dedim bu dəfə Azərbaycanın bayrağını gətirəcəm. Fikrini dəyişdi, dedi onda otur çay iç, qoy rəisimiz gəlsin, o buraxsın səni. Sorğu-sual təzədən başladı. Dedilər bəlkə qaçaq gəlmisən? Dedim a kişi, qacaq Amerikaya, Avropaya gedərlər. Axırda rəis dedikləri Fazil adlı adam gəldi. O da bir qədər sorğu-sual etdi. Dedi get, ancaq şərfi bir də gətirmə. Mən də şərfi boynuma asıb çıxdım ordan.

Stadionda super aura var idi. Azarkeşlər bizdən üzr istədilər ki, bəs siz Bakıdan bura futbola baxmağa gəlmisiz, amma başınıza belə iş gəldi.
Bir şeyə də təəssüflənirəm ki, “Traktorsazi”nin forvardi Edinyoyla şəkil çəkdirmək istəyirdik, imkan vermədilər”.komanda.az


Digər xəbərlər

Xəbər xətti