Birinci Avropa Oyunlarının məşəli mayın 3-də Biləsuvar rayonundan Cəlilabada istiqamət götürüb.
SportArena.az "Azərtac"a istinadən yaydığı xəbərə görə, məşəl Bakıdan 210 kilometr məsafədə yerləşən Cəlilabada günortadan sonra çatıb.
Cəlilabad şəhərinin Qala qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Boks üzrə yeniyetmələr arasında dünya ikincisi İsmayıl Hüseynov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra estafeti 10 cəlilabadlı davam etdirib. Dörd kilometr məsafə qət edən idmançılar rayon sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev prospektindən keçərək məşəli Heydər Əliyev Seyrəngahına gətiriblər. Futbol üzrə rayon yığma komandasının üzvü Elçin Hüseynov burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırıb. Tələbə Gülşən Nəcəfovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı-2015”in rəmzi kimi rayonda saxlanılacaq.
Məşəl səyahətinin 7-ci günü Cəlilabad şəhərinin Heydər Əliyev Seyrəngahında möhtəşəm Alov festivalı keçirilib. Festivalı maraqla izləyən sakinlər bununla bağlı təəssüratlarını paylaşıblar, idmançılara uğurlar arzulayıblar. Onlara birinci Avropa Oyunları haqqında ətraflı məlumatlar verilin, suallar cavablandırılıb.
Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Mayın 4-də məşəl karvanı Salyan və Neftçalaya yollanacaq.