Ukrayna çempionatının 22-ci turunun "Çernomorets"lə oyunu "Dnepr"in və Ukrayna millisinin hücumçusu Yevgeni Seleznyov üçün əlamətdar olub. Belə ki, komandasının 3:0 qalib gəldiyi matçda sonuncu qola imza atan Seleznyov Ukrayna çempionatında özünün yubiley - 100-cü qolunu vurub.
SportArena.az xəbər verir ki, Seleznyovun komanda yoldaşı Yevgeni Konoplyanka yerli mətbuata 29 yaşlı hücumçunun bu yubileyi necə arzuladığından danışıb:
"Yevgeni uzun müddətdir yubiley arzusunda idi. Bu, böyük uğurdur. Bunun üçün çox çalışırdı. O, hamıdan top istəyirdi. Hakimlərdən, məndən, hətta rəqib müdafiəçilərdən. Məndə belə təəssürat yarandı ki, o, bunun üçün rəqib müdafiəçilərə pul da təklif edib (gülür).
Çox şükür ki, o, yubiley arzusuna çatdı. Bundan sonra fərdi oyundan əl çəkərək, komanda üçün oynamağa başlayar. Mənim də canım hər oyunda ona ötürmə verməkdən qurtular".
Hazırda Ukrayna çempionatında qol rekordu Kiyev "Dinamo"sunun sabiq hücumçusu Maksim Şatskixə məxsusdu. "Qoverla"nın şərəfini qoruyan Özbəkistan millisinin sabiq üzvünün hesabında 124 qol var.