Sabiqlərin rüşvət qalmaqalı: Məsuliyyəti mən daşıyıram, Xaqaninin nə günahı var?

12:33 5 May 2015

“Xaqani Məmmədov 2001-ci ildə Avrokubok oyununda baş hakimə rüşvət təklif edib. Həmin görüntülərin olduğu disk hazırda məndədi”. Bunu sabiq FİFA referisi Anar Salmanov deyib.

 

Artıq bir ildən çoxdu təyinat almayan Salmanov AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu rüşvətxorluqda ittiham edib.

 

Onun sözlərinə görə, Məmmədov 2001-ci ildə UEFA kubokunun birinci seçmə mərhələsində “Osiek” (Xorvatiya) - “Dinaburq” (Latviya) matçında rüşvət təklifi alıb: “Həmin görüşü Asim Xudiyev idarə edib. Onda Ramiz Əsədov onun əsas köməkçisi, Xaqani Məmmədov isə dördüncü hakim idi. Matçın gedişində əvvəlcə Ramiz Əsədov qışqırır ki, qonaqlar heç-heçəyə 15 “dənə” verirlər. Asim Xudiyev onu eşitmir. Ardınca Xaqani Məmmədov kənara yaxınlaşıb, eyni sözü 2-3 dəfə qışqıra-qışqıra təkrarlayır. Bütün bunlar da videogörüntüdə var. Həmin vaxt “Dinaburq” klubunun baş məşqçisi Roman Qriqorçuk olub. Bu video Rumıniyada yaşayan bir dostumun vasitəsilə təxminən bir ay əvvəl əlimə keçib. Diski artıq lazımi qurumlara təqdim etmişəm”.

 

Salmanov əlavə edib ki, Xaqani Məmmədovun vəzifəsindən uzaqlaşdırılması üçün əlindən gələni edəcək: “Məmmədov istefa verməlidi. Çünki o vəzifədə oturmağa layiq deyil. Belə ədalətsiz biri, oyunun gedişində baş hakimə rüşvət təklif etmiş bir insan gənc hakimə nə öyrədə bilər? Onun bu vəzifədən getməsi üçün əlimdən gələni edəcəyəm. Elə bilir ki, kreslo “Ağ ev”di onun üçün”.

 

İttihamda adı hallanan – həmin matçın baş hakimi olmuş Asim Xudiyev apasport.az saytına açıqlamasında bildirib ki, Salmanovun indi belə fikir bildirməsi absurddu: “Osiyek” – “Dinaburq” oyunu yadıma gəlir, baş hakim mən olmuşam. Amma Anar Salmanovun dediyi məsələ yadıma gəlmir. Həmin görüşün videokaseti məndə var. Ciddi bir şey olmamışdı. Salmanovun dediyi kasetə isə baxmamışam. Başa düşə bilmirəm ki, üstündən bu qədər vaxt keçdikdən sonra niyə indi belə açıqlama verir”.

 

“Osiyek” – “Dinaburq” qarşılaşmasının yan xətt hakimi olmuş Ramiz Əsədov isə məsələyə bu cür reaksiya verib: “Anar Salmanov mənə də demişdi ki, əlimdə kaset var. Bilirsiniz, biz o vaxtlar oyun zamanı tez-tez zarafatlaşırdıq. Həmin oyunda da ola bilsin ki, mən bu sözləri demişəm. Yaxşı, Asim Xudiyevə onu mən demişəm və məsuliyyət də mənim boynumadı. Bəs Xaqani Məmmədovu niyə ortaya qatırsan? Bəlkə də, Asim Xudiyev mən eşitməyib, Xaqani Məmmədovdan soruşub ki, o nə deyir? Xaqani müəllim də təkrarlayıb. Biz arada belə zarafatlar edirdik. Salmanov deyir ki, qonaqlar heç-heçəyə görə pul təklif ediblər. Bəs o görüşün nəticəsi necə olmuşdu? “Osiyek” 1:0 hesabı ilə qələbə qazanmışdı və səhv etmirəmsə, Asim müəllim qonaqların qapısına penalti təyin etmişdi. Anar Salmanov FİFA hakimliyindən kənarlaşdırıldığı üçün görünür, Xaqani Məmmədovla prinsip aparır, kimisə ləkələməyə çalışmaq düzgün hərəkət deyil”.

Xaqani Məmmədov isə söhbətində bildirib ki, Salmanovun ittihamları yersizdi.apasport.az


Digər xəbərlər

Xəbər xətti