"Bakı-2015: Qətərdə ilk Avropa Oyunlarının təqdimatı keçirilib

17:03 5 May 2015

İlk Avropa Oyunlarının təqdimatı bu dəfə Qətərdə keçirilib.

 

SportArena.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 6-11 may 2015-ci il tarixdə Qətərin paytaxtı Doha şəhərində güləş üzrə böyüklər arasında Asiya çempionatı keçiriləcək. Çempionatdan öncə Dünya Güləş Birliyi (DGB) Asiya Şurasının növbəti Konqresi keçirilib. Tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB-nin İdarə Heyətinin üzvü Namiq Əliyev və AGF-nin baş katibi Əjdər Cəfərov da iştirak ediblər.

Konqresdə gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının təqdimatı da keçirilib.

Əvvəlcə Avropa Oyunlarına hazırlıqdan bəhs edən video və fotoslayd nümayiş etdirilib. AGF-nin I vitse-prezidenti N.Əliyev Avropa Oyunlarına hazırlıq işləri və Oyunların dünya idman tarixində əhəmiyyəti barədə ətraflı məlumat verərək, ölkəmizin bu tarixi hadisəyə ciddi hazırlaşdığını bildirib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqətdə saxladığını qeyd edən AGF rəsmisi Oyunların təşkili üçün tikilən və yenidən qurulan idman arenaları barədə də məlumat verib.

O, qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün yerli və xarici mütəxəssislərin təcrübəsindən faydalanıb: “İki il bundan öncə bir çoxları üçün mümkünsüz görünən işlər həyata keçirilib. Bir çox idman obyektləri ilk dəfə tikilib, bəziləri təmir edilərək yenidən qurulub. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi Olimpiya stadionu tikilib istifadəyə verilib. Əl Oyunları İdman Sarayı, Heydər Əliyev adına İdman Sarayı müasir dövrün tələblərinə uyğun təmir edilib. Azərbaycanda buna qədər də müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar, Avropa və dünya çempionatları keçirilib. Ölkəmiz təşkilatçılıq baxımından zəngin təcrübəyə malikdir. Əminik ki, I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Tarixdə ilk dəfə keçirildiyi üçün Avropa Oyunlarının standartı məhz Azərbaycanda formalaşdırılacaq. Bir ay sonra Bakıda həm təşkilatçılıq baxımdan, həm də Oyunların standartı baxımından dünya idmanı tarixində yeni bir səhifə yazılacaq".

AGF I vitse-prezidenti N.Əliyev Dünya Güləş Birliyi Asiya Şurasının üzvlərini 12-28 iyun tarixlərində Bakıda baş tutacaq ilk Avropa Oyunlarına dəvət edib.

Qeyd edək ki, Bakı-2015-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti