YAZI Lənkəranlı azarkeşlərin borcu

22:54 5 May 2015

Lənkəranlı azarkeşlər lap ağ elədilər a…

Özlərini elə aparırlar ki, guya Talış dağlarını bunlar yaradıb. AFFA-nı bəyənmirlər, PFL-i yaxına buraxmırlar. Nə ağsaqqal bilirlər, nə qarasaqqal sayırlar. 

İndi də düşüblər odu söndürüb közlə oynayan “Xəzər Lənkəran”ın əsas heyətində top dalınca qaçan uşaq-muşağın üstünə. Balaca cocuqları divara dirəyiblər, deyirlər ki, ac-yalavac, üz-gözünü yumağa su tapmayan, günü qara, çörəyi para olan “Bakı”ya niyə uduzdunuz? 

Guya “Xəzər Lənkəran”ın oyunçuları kef içində yaşayır, fil qabırğasının kababını yeyir, əl-üzlərini də Ölü dənizdən məxsusi gətirilən su ilə yuyurlar. Elə bil onlara hər səhər dinozavr yumurtasından qayğanaq bişirilir. 

Elxan Məmmədovun “Futbolda keçən ömrüm” kitabını yarıyacan oxumuşam, amma lənkəranlı fanatların nə istədiklərini anlaya bilmirəm. “Ağ-yaşıl” formalı klubun “Bakı”ya uduzmasından Şekspirin “III Riçard” faciəsi düzəldirlər. Nə olub, qardaşlar, dünyamı dağılıb? Guya “Bakı”nı udan kimi “Xəzər Lənkəran” elə Biləcəridən birbaşa Avropaya gedəcəkdi. Cənub klubu ilə nəfəs alan hansı azarkeşə yaxınlaşırsan üz-gözündən qəzəb yağır. Hamı da bir ağızdan deyir ki, futbolçularımız “Bakı”nı məğlub etməyə borclu idi.  

Acı da olsa, sözün düzünü deyəcəyəm. Qardaşlar, futbolçuların, klubun sizlərə borcu yoxdu. Sizin isə borcunuz çoxdu. “Xəzər Lənkəran”ın hər ev oyununda pul verib bilet almağa borclusunuz, bu bir. Cibinizi yüngülləşdirib səfər oyunlarında komandanın yanında olmaq borcunuzdu, bu iki. Yaxında, uzaqda fərq etməz, futbolçularımız meydanda ora-bura qaçdığı müddətdə növbənöv xəstəlik tapmaq da məhz sizin borcunuzdu, bu da olsun üç. Yenə yazımmı?  

Qoy yazım ürəyim soyusun. Tribunalarda səs-küy salmaq iş deyil. Qardaşlar, gedin kluba borcunuzu ödəyin, Elbrus Məmmədovu hər görəndə ikiqat təzim edin, ailəsində yeni oğlan uşağı doğulan qohum-qardaşa təzyiq göstərin, onları məcbur edin ki, dünyaya gələn cocuğa məhz Elbrus adı versinlər. 

Qardaşlar, nə qədər deyinmək, söymək olar? Deyirsiz ki, guya Elnur Cəfərovun qol vurduğu gün doğulan uşaqlar artıq Üzeyir Mehdizadənin repertuarını əzbər bilir. Hə, nə olsun. Elnur ildə bir qol vurmağa borclu deyil. Lakin sizlərin ona borcu var, topla yerində fırlanmaqda usta olan bu gənci evdən bazaya, bazadan Qalayçılar məhəlləsinə qədər çiyinlərinizdə aparmaq sizin borcunuzdu. 

Kamran Abdullazadəni söymək, fitə basmaq igidlik deyil. Öz borcunuzu yada salın, Kiçik Bazarın gözəgəlimli yerində Kamrana heykəl qoymaq vədiniz deyəsən yaddan çıxıb. Siz borcunuzu ödəyib heykəl-filan yapmırsız, Kamran niyə özünü “Xəzər Lənkəran” yolunda fəda etməlidir? Nə çoxdu klub, gedib “Energetik”də oynayar. “Xəzər Lənkəran”ın oyunçularını hər yerdə gözləyirlər. Günü bu gün Kazım Kazımlını Türkiyənin “Qonşununmotorunuoğradımspor”, Ruslan Cəfərovu isə İranın “Traktorusazladımtezdənişəbaşladım” klubu istəyir. Hələ mən bizim Elşən Rzazadəni demirəm. Hər dəfə top ona tərəf yaxınlaşanda həyəcanlanmasa Elşən Rusiyanın Z liqasında yarışan “Koqdaxoruzbanlandımıznayemsəhərdi” komandasına transfer olunacaq. 

Nədənsə məndə möhkəm bir əminlik yaranıb. İnanıram ki, lənkəranlı azarkeşlər bundan sonra gənc futbolçuları söyməkdənsə öz borcları barədə dərindən düşünəcəklər. Elə mən özüm də üzərimə düşən öhdəliyi yerinə yetirmək istəyindəyəm. Ona görə də bizim uşaqlara məsləhət verməklə borcumdan çıxıram. “Xəzər Lənkəran”ın formasında ora-bura qaçıb miskin duruma düşməkdənsə nə qədər cavansınız, gedin özünüzə sənət tapın, daha faydalı işlə məşğul olun. Kiçik toyda meyxana deyin, böyük toyda “Yanıq Kərəm”i oynayın. Lütfən, imkan verin “Ağ-yaşıl” formanı onun dəyərini bilənlər, namusunu çəkənlər geyinsin… 

Etibar Cəbrayıloğlu (Avrofutbol.com)


Digər xəbərlər

Xəbər xətti