SportArena.az sizi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi ilə tanış edir.
- Zədə almış Cavid Tağıyevin vəziyyəti necədir?
- O, bir oyunu buraxıb. Hələ də problemi qalmaqdadır. Qarşıda bizi "Xəzər Lənkəran"la çətin oyun gözləyir. Lənkəranda oynamaq həm xoş, həm də ağırdır. Heyətində çoxlu gəncin yer aldığı komandaya qarşı oynayacağıq. Onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Belə futbolçular zəif komandalara qarşı ola bilsin ki, yaxşı köklənə bilmirlər. Amma bizə qarşı tam fərqli motivasiya ilə oynayacaqlarına əminəm. Məsələn, "Qəbələ" ilə "Neftçi"nin bu komandaya qarşı oyunlarını yada salmaq olar. Amma hər bir futbolçumuz bu oyunun əhəmiyyətini başa düşür.
- Mövsüm başa çatmasa da, artıq transfer çalışmalarına start vermisiniz və "İnter"dən Azər Salahlı ilə razılığa gəlmisiniz...
- Düzünü desəm, biz indi transferlər barədə düşünmürük. Çünki qarşıda vacib oyunlar var. Amma maraqlandığımız futbolçular var. Müqaviləsinin müddəti başa çatan yerli oyunçu tapmaq çətindir. Salahlı ilə razılığa gəlmişik. İndi daha çox yerli futbolçulara üstünlük veririk. Qalan hər şey futbolçulardan asılıdır.
- Son transferlərinizdən Tərlan Quliyevlə Şəhriyar Əliyev əsas heyət üzvünə çevrilə bilmədi...
- Biz hər bir futbolçuya şans veririk. 7-8 oyunçu var ki, onlar əsas heyətin üzvləridir. Tərlanla Şəhriyar bu mövsüm meydana çıxıb. Gələcəkdə necə olacağı isə hər bir oyunçunun özündən asıldır.
- Qardaşınız Musa Qurbanovun dediyinə görə, sizə üç hücumçu təklif edib...
- Əslində, həmin siyahı daha böyükdür. Orada çoxlu futbolçu var. Amma əksəriyyətinin klubu ilə müqaviləsi var.
- Muarem Muaremlə Leroy Corcun müqavilə müddəti yayda başa çatacaq...
- Onların hər biri bizə kömək edib. Bizim üçün vacib oyunçulardır. Biz yekun qərarı mövsümün sonunda qəbul edəcəyik. Amma futbolçular da bu barədə düşünməlidirlər. Hələlik, danışıqlar davam edir.
- Çumbinyo necə olacaq?
- Çumbinyonun müqavilə müddəti mayda başa çatır. Amma o, iyun ayındakı toplanışda bizimlə olacaq. Biz onunla danışmışıq. Özü də bilir ki, hər şey fiziki formasından asılı olacaq.
- "Simurq"un əksər legionerləri komandanı məlum səbəblərdən tərk etdi. Onlardan hansınısa almağı düşünmürsünüz?
- Bu komandanın maraqlı futbolçuları var idi. Amma onların komandamızda oynamaq istəyib-istəmədiyini bilmirəm.
- "Qarabağ"ı avrokuboklar gözləyir. Bəs siz özünüz Avropada çalışmaq istəyirsiniz?
- Mənə toxunmayın, mən "Qarabağ"da qalmaq istəyirəm (gülür). Ölkəmə fayda verməyim daha yaxşıdır, Avropada mənsiz də keçinə bilərlər.
- Toplanışla bağlı hansı planlarınız var?
- Mövsümün başa çatmasını gözləyirəm. Proqram hazırlamaq asandır. Bizim bu yöndə kifayət qədər təcrübəmiz var.
- "Qarabağ"ın çempion olmasına nə mane ola bilər?
- Bu, futboldur, hər oyunun öz taleyi var.
- "Qarabağ"ın avrokuboklardakı hədəfi ən azı qrup mərhələsinə düşmək olacaq?
- Bizim hazırda əsas hədəfimiz ölkə çempionu olmaqdır. Ondan sonra bizə hansı turnirdə mübarizə aparacağımızı biləcəyik.
- "Qarabağ" İtaliya "İnter"i ilə oyunda sayılmayan qola görə etirazını davam etdirir. Bu, sizin istəyinizdir, ya klub rəhbərliyinin?
- Mən ilk gündən hesab edirdim ki, müxtəlif qurumlara müraciət etmək lazımdır ki, həm özümüzü, həm də ölkəmizi göstərək, haqqımızı tələb edək. Amma onu da başa düşürəm ki, hakimlərə heç nəyi sübut etmək olmur.
- Həmin oyunun baş hakimi Zelinkaya nifrət hissi qalıb?
- Zelinkaya nifrət? Onda gərək bütün hakimlərdən zəhlən gedə. Hakimlərin işi çox çətindir. Xüsusilə də gərgin oyunlarda.
- "Qəbələ" ilə səfər oyununda hakimlərə bərk əsəbləşmişdiniz...
- Mən hakimliklə bağlı fikirlərimi bildirdim. Çoxları elə bilir ki, orada penaltiyə görə etiraz edirdim. Amma əslində başqa epizoda görə narazı qalmışdım. Ona görə də elə aqressiv idim. Hərdən elə də olur.azerisport.az