Premyer Liqada mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu elan edən "Çelsi" transfer məsələsinə indidən diqqət ayırıb. Bu mövsüm Çempionlar Liqasında uğursuzluqla üzləşən London klubu heyətini bir sıra ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
"Daily Mail" Joze Mourinyonun transfer siyahısındakı futbolçularla bağlı xəbər yayıb. Siyahının ilk pilləsində "Real"ın yarımmüdafiəçisi Qaret Beyl dayanır. Məlumatda bildirilir ki, "Çelsi" uelsli futbolçunun keçidi üçün 80 milyon funt ayırıb.
Premyer nəhənginin hədəfindəki digər yarımmüdafiəçi "Yuventus"lu Pol Poqbadı. 22 yaşlı fransız üçün "zadəganlar"ın 58 milyon funtdan keçəcəyi qeyd olunur.
Bundan əlavə, portuqaliyalı mütəxəssis "Real"ın müdafiəçisi Rafael Varan və "Atletiko"nun üzvü Mirandanı da heyətində görmək istəyir. Sözügedən oyunçuları transferi üçün ayrılan büdcə isə 65 milyon funtdu.
Mourinyonun yaxın günlərdə klubun sahibi Roman Abramoviçlə görüşəcəyi və transfer planını müzakirə edəcəkləri bildirilir.