Rusiyada xeyli sayda azərbaycanlı yaşayır və onların övladları arasında futbolla məşğul olanların sayı da az deyil. Ancaq çox təəssüf ki, onlar ya Rusiya futbolunda möhkəmlənə bilmirlər, ya da ki, millimizdə çıxış etmək istəmirlər.
Jurnalist Emin Abbasov “facebook” hesabında bu məsələyə toxunub. SportArena.az onun fikirlərini təqdim edir:
“Erməni futbolçu Aras Özbilis əvəzedici heyətə göndərilən kimi, bunu "Spartak"ın türk əsilli baş məşqçisi Murat Yakının onunla milli zəmində prinsip aparması ilə əlaqələndimişdi. Hətta Rusiya mətbuatında da iddialar var ki, Özbilis bu çıxışı özbaşına yox, yuxarılardan aldığı dəstəklə etmişdi. Həmin dəstəyin adı isə Cavan Çeloyantsdır. O, "Spartak"ın əsas səhmdarlarından biridir və həm Özbilisi, həm də Movsisyanı rusların xalq komandasına Çeloyants gətirib. Qroznıda doğulsa da, Çeloyants ermənidir. Türklərə nifrət bəsləyən bu adamı Ermənistan millisinin hər oyununda görmək olar. Bu adam ermənilərin "Spartak"dakı “xaç atasıdır”.
Rusiyada ermənilərlə yanaşı, xeyli sayda azərbaycanlı uşaqlar da futbolla məşğul olur. Lakin ermənilərlə müqayisədə bizimkilərin irəli getməsində əngəllər var. Çünki Rusiya futbolunda ermənilərin dayaqları möhkəmdir, bizim isə yox. Ona görə də, hər hansı gənc futbolçu Azərbaycan millisində çıxış etmək qərarı verən kimi Rusiya karyerası sona çatır. Məncə, həm AFFA rəhbərliyi, lazım gəlsə lap ən yuxarı səviyyədə bu məsələ müzakirə olunmalı, Rusiya futbolunda öz adamlarımızı yerləşdirməyə cəhd etməliyik. Bu, çox ciddi məsələdir. Bu barədə düşünün, bəylər!”