FOTO Avropa Oyunlarının məşəli Horadizdə

23:10 7 May 2015

Ölkəmizin şəhər və rayonlarını dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 7-də İmişlidən Qarabağ torpağına – cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirilib.

 

 

Sportarena.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, axşam saatlarında məşəlin qədim diyarın gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub.

Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.

Sonra məşəl yürüşü başlanıb. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəliblər.

Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər “Bakı-2015” birinci Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovunu coşqu ilə qarşılayıblar.

Məşəl yürüşündə iştirak edən ilk məşəlçi Atamoğlan Qəhrəmanov təəssüratlarını "Azərtac"ın müxbiri ilə bölüşərək deyib: “Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki birinci Avropa Oyunlarının məşəli doğulub boya-başa çatdığım Füzuli torpağındadır və bu məşəli daşıyan idmançıların cərgəsində olduğum üçün özümü xoşbəxt sanıram. Buna görə də sonsuz qürur hissi keçirirəm. İnanıram ki, birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və Azərbaycan idmançıları ölkəmizi bu mötəbər yarışda layiqincə təmsil edəcəklər”.

Məşəl yürüşü mərasiminin sevincini yaşayan Bəhmənli kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Elnarə Hüseynova fikirlərini belə ifadə edib: “Məlum olduğu kimi, biz cəbhə bölgəsində yaşayırıq. Buna baxmayaraq, istər Horadiz şəhərinin, istərsə də rayonun kənd və qəsəbələrinin inkişafı heç də digər bölgələrdən geridə qalmır. Alov festivalının Horadizdə keçirilməsi işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamımızı daha da artırır”.

Horadiz şəhər sakini Elman Məmmədov isə birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin tarixi hadisə olduğunu bildirərək deyib: “Zaman keçdikcə biz bu hadisəni fəxrlə xatırlayacağıq. Rayonun qəsəbə və kəndlərindən minlərlə sakinin Alov festivalında iştirak etmək üçün Horadizə gəlməsi onların Avropa Oyunlarına verdiyi dəyərin və keçirdikləri sevinc hisslərinin göstəricisidir”.

Sonuncu yürüşçü, Horadiz şəhər 3 nömrəli tam orta məktəbinin idman müəllimi Rövşən Ələsgərov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırılıb. Çıraq yarışların sonuna qədər “Bakı 2015”in rəmzi kimi rayonda saxlanılacaq.

Qəhrəmanlar parkında keçirilən festival əsl xalq bayramına çevrilib. Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb. İdmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, səhnədə nümayiş etdirilən Alov şousu festivalda iştirak edən 20 min nəfərə yaxın Füzuli sakininin böyük sevincinə səbəb olub.

Məşəl festivalında iştirak edən rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əmin-amanlığın, ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın göstəricisidir. Birinci Avropa Oyunlarının məşəlinin ölkəmizin bölgələrini gəzməsi, rayon mərkəzlərində, şəhərlərdə keçirilən festivallar həm də Azərbaycanı dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir. Bu gün bütün dünya Azərbaycanın mədəniyyəti, tarixi, insanları haqqında məlumatlanır, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə, kənd və qəsəbələrimizdə gedən sosial-iqtisadi inkişafın şahidi olur. Bütün bunlara görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.

Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.


Digər xəbərlər

Xəbər xətti