YAZI Şahmatda 14-cü, futbolda 116-cı: biz hara gedirik?

13:08 8 May 2015

Azərbaycanın 73 şəhər və rayonunun 62 şahmat məktəbi, 4 Uşaq-Gənclər İdman məktəbinin tərkibində şahmat bölməsi var. Bu məktəblər Bakıdan Xocavəndə, Lənkərandan Kəngərliyə, Gəncədən Oğuza qədər olan böyük bir coğrafiyanı əhatə edirlər. Şahmat Federasiyasının rəsmi saytının son məlumatlarına görə (təəssüf ki, statistik cədvəlin tarixi göstərilməyib), 112 min 757 nəfər şahmat və dama (az hissə) ilə məşğul olur.

***

Dünyanın ən güclü 100 şahmatçısı siyahısında Teymur Rəcəbov 21-ci, Şəhriyar Məmmədyarov 23-cü (inanıram ki, tezliklə onlar yenə də “Top-10”a qayıdacaqlar) pillədədirlər. Təəssüf ki, vaxtsız ölüm Vüqar Həşimovu haqq dünyasına apardı. Yoxsa, o da “nəhənglər” arasında yer alacaqdı.
Azərbaycan hazırda dünya reytinq cədvəlində 14-cü pillədədir. Vüqarın yüksək reytinqi artıq hesablanmır, yoxsa “Top-10”da da olardıq. İnanıram ki, tezliklə ən güclülər sırasına qayıdacağıq.
Kişilərdən ibarət yığmamız 2009-cu ilin Avropa çempionu adını qazanıb – legionerlərsiz. SOCAR klubu 2012 və 2014-cü illərdə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Hamıya məlumdur ki, fərdi mücadilələri yaxşı aparsaq da, komanda kimi birləşməyi bacarmırıq. Amma şahmatçılarımız istisnadırlar.

***

Azərbaycan dünyaya adları çəkilənlərdən başqa, Harri Kasparovu da bəxş edib. O Kasparov ki, 1985-ci ildən 2006-cı ilə qədər iki qısa fasilə ilə dünya reytinqinə liderlik edib. 13-cü dünya çempionu, əksər mütəxəssislərin fikrincə, tarixin ən güclü şahmatçısı olub. Milliyyəti fərqli ola bilər, amma idmançını milliyyət yox, məktəb yetişdirir. Və o, Azərbaycan şahmat məktəbinin yetirməsidir.

***

Bəli, dünya reytinqində 14-cüyük. Bizdən yuxarıda əhalisi və ərazisi bizdən az olan cəmi 2 ölkə var (inanıram ki, onlar da müvəqqətidir). Amma həm bu, həm də iqtisadi inkişaf baxımıdan bizi izləyənlər 160-dır. Məsələn: İspaniya, Türkiyə. IMF-yə görə, dünyanın 37 inkişaf etmiş ölkəsindən (2015-ci il, aprel ayı) yalnız 6-sı bizi qabaqlayır.

***

Dünyanın futbol reytinqində isə 116-cı yerdəyik. Bizdən yuxarıda Sent Kiss və Nevis adaları adlı ölkənin komandası var. Bu dövlətin əhalisi 55 min nəfər arasında artıb-azalır. Samux rayonu qədər. Şahmatla məşğul olanların sayından 2 dəfədən də çox aşağı.

***

Biz dünya futboluna bir nəfər də olsun, futbolçu bəxş etməmişik. Bəxş etmişik deyənlərə cavab odur ki, Liberiyadan Corc Vea çıxıb. Banişevskini, Süleymanovu gürcü Kipiani, belaruslu Qleblə bir sıraya qoymaq haqsızlıqdır.

***

Monteneqronun birinci (12), ikinci (12) və üçüncü (29) liqalarında 43 klub var. Demək olar ki, şəhər və rayonlarının sayı qədər. Qalanları da həvəskarlar liqasında oynayaraq, yuxarı çıxmağa can atırlar. Azərbaycanda bu say 26-ya bərabərdir (ikisi mövsüm başa çatmamış çıxışını dayandırıb, qalanlarının da əksəriyyəti can üstündədir). Bunlardan 12-si Bakı klublarıdır (2-si Bakını təmsil etməsə də, oyunlarını Bakıda keçirir). Monteneqronun ərazisi ərazimizdən, əhalisi əhalimizdən dəfələrlə azdır. Müstəqilliklərini bizdən sonra elan ediblər.

***

1992-ci ildə keçirilmiş futbol üzrə ilk Azərbaycan çempionatının yüksək dəstəsində Bakıdan başqa, Sumqayıt, Tovuz, Ağdam, Gəncə, Mingəçevir, Sabirabad, Qax, Cəlilabad, Qusar, Ağstafa, Masallı, Lənkəran, Bərdə, Zaqatala, Salyan, Şamaxı, Yevlax, Siyəzən, Qazax, Əli Bayramlı, Kürdəmir və Hacıqabul təmsil olunublar. Qalan şəhər və rayonların bir neçəsinin ikinci dəstədə komandaları olub. İllər irəlilədikcə, şəhərlərin sayı azalmağa başlayıb. Şəhərlər azaldıqca keyfiyyətli futbolçu sayı da azalıb, bu gün bir əlin barmaq sayından da az olub.

***

Məncə, artıq sözə ehtiyac yoxdur. Futbolda uğur qazanmağın yolu kütləviliyi artırmaq, bütün rayonlarda futbol klubları qurmaq, yerli əhalini klubun idarəçiliyi və mənisənilməsinə cəlb etməkdədir. Tanrı bizi şahmat istedadı ilə mükafatlandırmayıb, sadəcə məktəblər ənənə, ənənə güclü şahmatçı yaradıb.

Nail KƏRİMOV


Digər xəbərlər

Xəbər xətti