Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, görkəmli idman xadimi, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, professor Ələkbər Məmmədovun 85 illik yubileyi münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə tədbiri keçirilib. SportArena.az xəbər verir ki, AFFA-nın əməkdaşları, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri Ələkbər Məmmədovun məzarını ziyarət ediblər.
Daha sonra isə Bayıl stadionunda yoldaşlıq oyunu təşkil olunub. “Neftçi” klubunun veteranlarından ibarət komanda ilə Azərbaycan milli yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komanda arasında keçirilən oyun birincilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Veteranların qollarını dubla imza atan Musa Qurbanov, Nazim Süleymanov və Vəli Qasımov vurub.
Qeyd edək ki, Azərbaycan yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komandada baş katib Elxan Məmmədovla yanaşı, Təbriz Həsənov, Faiq Əzizov və Şahin Diniyev də yer alıb. Veteranların heyətində isə Vəli Qasımov, Musa Qurbanovla yanaşı Oqtay Abdullayev, Elmar Baxşiyev forma geyib.
Qarşılaşmanın əsas millimizin baş məşqçisi Robert Prosineçki də izləyib.