Topaz Premyer Liqasının XXXIII turu “Qəbələ” üçün uğurlu alındı. Komanda səfərdə “Sumqayıt”ı 2-0 hesabı ilə məğlub etdi.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Oyun gözlədiyimiz kimi çətin keçdi. Sumqayıtda süni örtüklü meydançada oynamaq ağırdır. Əvvəlki oyunlarla müqayisədə baxımlı futbol sərgiləyə bilmədik. Amma ümumi götürsək, çox da ideal olmayan meydançadakı oyunu qalib başa vurduğumuza görə şadam. Elvin Camalovu meydançadan çıxarmağımın səbəbi sarı vərəqə alması idi. Düşündüm ki, gənc oyunçu digər epizodlarda ehtiyat eləməz, passivində sarı vərəqəsi olduğunu unudar. Yaxşı ki, onun yerinə meydançaya daxil olan Ruslan Tağızadə qırmızı vərəqəni daha tez yox, bir qədər gec aldı. Bu isə sözsüz ki, heç də yaxşı məqam deyil”.