"Neftçala" təslim olmaq istəmir: "Komandamız Premyer Liqadan kənar qala bilməz"

17:36 9 May 2015

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası baş tutub. Komissiyanın qərarlarına görə, “Neftçala” elitaya buraxılmayıb.

 

SportArena.az olaraq, "Neftçala"nın idman direktoru Ramin İsmayılovla əlaqə saxlayıb, bugünkü qərara münasibətini öyrəndik:

 

"Bu qərar bizim üçün gözlənilməz oldu. Çünki, "Neftçala"nın əsas komandası və digər yaş qrupları üzrə komandaları çıxış etdikləri liqalarda yüksək nəticələr göstərir. Eyni zamanda Premyer Liqa klublarında futbolun inkişafı və uşaq futbolu yönündə görülən bütün tədbirlər "Neftçala"da da uğurla həyata keçirilir. Yəni ki, bizim klub Premyer Liqa klublarından heç də geri qalmır. Bunu öz oyunumuz və klub idarəçiliyi ilə artıq sübut etmişik. Amma AFFA-nın Lisenziyalaşdırma Komissiyasının bu qərarı bizi çaşqınlıq içinə saldı. Buna baxmayaraq, biz həvəsdən düşməmişik. Onsuz da klubun inkişaı üçün atılan addımları qarşıdakı 1 həftədə daha da artırıb, lisenziya almaq üçün problemləri həll edərik. Eyni zamanda apellyasiya məhkəməsinə verəcəyik. Haqqımızın yerdə qalmasına imkan verə bilmərik. Bugün 1-ci Divizion klublarından ən çox iş görən və gözəl futbol komandaları formalaşdıran "Neftçala" Premyer Liqadan kənar qala bilməz. "Neftçala" klubu olaraq, hər zaman AFFA-nın qərarlarına hörmətlə yanaşmışıq, bu həmişədə belə olacaq. Yəqin ki, apellyasiya məhkəməsi veriləndən sonra, bizim xeyrimizə qərar qəbul olunacaq".

 

Qeyd edək ki, "Neftçala" 1-ci Divionda çempionatın bitməsinə bir-neçə tur qalmış çempionluğunu rəsmiləşdirib. Eyni zamanda, klubun müxtəlif yaş qrupları üzrə komandaları da AFFA bayrağı altında keçirilən yarışlarda uğurlu nəticələr əldə edib. Amma bu gün lisenziya alan "Kəpəz" və "Zirə"nin əsas komandadan başqa heç bir komandası və ya uşaq futbolunun inkişafına dair işi ortada yoxdur.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti