Derlis Meza Kolli: “Yaxşı nəticələr qazansaq, pul özü gələcək”

11:26 10 May 2015

Topaz Premyer Liqasının XXXIII turunda “Neftçi”ni qəbul edən “İnter” böyükhesablı qələbə qazanıb. Fasiləyə qədər rəqib qapısına bir dəfə yol tapan meydan sahibləri, ikinci hissədə daha 3 qol vurub ki, fərqlənənlər arasında “bankirlər”in cənubi amerikalı yarımmüdafiəçisi Derlis Meza Kolli də var.

 

Matçdan sonra sualları cavablandıran futbolçu çempionluq şansları haqqında da danışıb.

 

-Böyükhesablı qələbə qazandığınız oyun haqqında nə deyə bilərsiniz?

- Çox yaxşı oynadıq. Matça köklənməyimiz də yüksək səviyyədə idi. İlk dəqiqələrdən aqressiv oyuna üstünlük verdik. Hesab da oyunumuzun nəticəsinə uyğun oldu.

 

-Bəs 4 cavabsız qolla qələbə qazanacağınızı gözləyirdinizmi?

- Vacib olan 3 xal qazanmaq idi. Hesabın necə olacağı oyunun gedişində müəyyənləşir. Həm də bu cür oyun “İnter”in mentalitetinə uyğundu.

 

-Bu qələbədən sonra ölkə kubokunda onlara uduzmağınıza görə təəssüflənirsinizmi?

- Bu, futboldu. Bəzən udursan, amma udduğun kimi uduzduğun oyunlar da olur. Kubok oyunu 2 qarşılaşmadan ibarətdi. Orada vura bilmədiyimiz qolları bu dəfə vurduq. Geridə qalan oyunlara görə təəssüflənməyin xeyiri yoxdu. Ancaq irəli baxmalıyıq.

 

-“Qarabağ”ın “Xəzər Lənkəran”la oyunda xal itirməsi çempionluq yolunda işinizə yaradı. Bundan yararlana biləcəksinizmi?

- İndidən bunu düşünməyin faydası olmayacaq. Ancaq qarşıdakı matçlarda nə edəcəyimizi fikirləşməliyik. Qarşıdan bizim “Qəbələ” ilə oyunumuz gəlir. Bundan sonra növbəti oyunumuza hazırlaşacağıq. Necə olacağını yekunda biləcəyik.

 

-Amma çətin oyunlarınız qalıb. “Qəbələ” son 10 matçda uduzmayıb. Onların bu uğurlu seriyasını necə, dayandıra biləcəksinizmi?

- Bilirik ki, “Qəbələ” güclü, həm də intizamlı komandadı. Necə oynadıqlarını bilirik. Bizim necə oynayacağımızı isə baş məşqçi deyəcək. Məqsədimiz var, ona çatmaq üçün qələbə qazanmalıyıq.

 

-“Qarabağ”la da görüşünüz var. Çempionluğun taleyinin bu oyunda həll ediləcəyini düşünmək olarmı?

-Biz qarşıdakı hər 3 oyunu udmalıyıq. Hər şey təkcə “Qarabağ”la oyundan asılı deyil. Razıyam, “Qarabağ” güclü, yaxşı komandadı. Heyətlərində güclü futbolçular var. Amma biz əvvəlcə “Qəbələ”ni udmalıyıq. Bu işin öhdəsindən gəldikdən sonra “Qarabağ” haqqında düşünəcəyik.

 

-Klubda maliyyə vəziyyətinin yaxşı olmadığını bilirik. Futbolçular bu durumla barışıblar?

- Peşəkar futbolçularıq. Təbii ki, hər bir futbolçunun pula ehtiyacı var. Hər birimiz maaşımızı almalıyıq. Amma əsas işimiz meydançadadı. Pul haqqında fikirləşmirik. Oturub bu haqda düşünsək, meydanda işimiz düz getməyəcək. Oyunlarda yaxşı nəticələr qazansaq, pul özü gələcək.

 

-Müqaviləniz davam edir, yoxsa mayın sonunda bitəcək?

- Mövsümün sonunda “İnter”lə bağlılığım qalmayacaq.

 

- Bəs gedəcəyiniz komandanı müəyyənləşdirmisinizmi?

- Əvvəlcə “İnter”in durumuna baxacam. Şərtlər qane etsə, burda qalacam. Əks təqdirdə başqa komandaya keçməli olacam.apasport


Digər xəbərlər

Xəbər xətti