YAZI Adamda üz olar, Yaşar müəllim!

12:07 11 May 2015

“Bakı”da hansı vəzifəyə sahiblik etdiyi sirri-xuda olan Yaşar Seyidovun “Futbolun İnkişafına dair Dövlət Proqramı” üçün hazırladığı təkliflərlə tanış oldum. Amma onların arasında futbolun inkişafına təkan verə biləcək bircə təklif də görmədim. Yaşar Seyidovun hazırladığı “paket”in arasında təkliflər yox, tələblər var idi. Bunlar “paket” məsələsində bir qədər həssasdılar axı. “Paket” vasitəsilə həmişə alıblar. Seyidov bu dəfə də tələb edib: “Stadion verin, su verin, işıq verin, qaz verin, sponsor verin, kasıb-kusubun mağazasından haqq verin”.

 

Verin, verin, verin! Bunlar - bir qrup “moşennik” də qomarlayıb yesin. Ay Yaşar müəllim, bundan əvvəl “Futbolun İnkişafına dair Dövlət Proqramı” qəbul edilmişdi. Özü də 10 illik. Bu 10 ildə nə iş gördünüz, hansı uğuru qazandınız? Bu 10 ildə dövlət bəlkə də futbol təsərrüfatına 10 milyard vəsait yönəltdi. Kasıb-kusubun boğazından kəsib. Neynədiniz o vəsaiti? Neynədiniz ki, indi daha 5 illik proqram tələb edirsiz? Neynədiniz ki, indi tələb edirsiz ki, yerli icra hakimiyyəti orqanları həmin ərazidə fəaliyyət göstərən klublara vəsaitin köçürülməsini ticarət və digər gəlir gətirən obyektlər hesabına təmin etsin? 

 

Yaşar müəllim, elə bilirsiz ticarət obyektləri olanlar qaz vurub, qazan doldururlar? Yox! Vallah, onların aylıq gəlirləri 400-500 manatdan o tərəfə keçmir. Bunun bir sürü talançısı var axı. Bunun vergisi, polisi, sanitar həkimi, yanğınsöndürəni, daha nə bilim, nəyi, nəyi var axı... İndi bu yazıqlar futbol təsərrüfatında kök salmış “möşenniklər”ə də haqq verməlidilər, Yaşar müəllim? 

 

Yaşar müəllim, bu 10 ildə dövlətin futbola ayırdığı vəsaitin başına necə daş salmısız? Bilmirsiz? İcazə verin nəzərinizə cəmisi bir-iki faktı ərzi-hal edim. 


Xaricdən tapıb gətirdiyiniz futbolçufasonlar vardı ey... Yadınızdadı onlar? Yadınızdan çıxıb yəqin. Futbol oynamayıb axı onlar “Bakı”nın heyətində. Hərəsi 5-10 dəqiqə meydana çıxıb, filan qədər alıb, gediblər. Gedəndən sonra da tələb edirlər hələ. Aleksandar Tomovski tələb etdi, ona 78 min 499 min dollar ödədilər. Ruslan Leviqa tələb etdi, ona 59 min 975 dollar ödədilər. 


Budey, FİFA-dan təzə xəbər gəlib. FİFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib. Qərar qəbul edib ki, “Bakı” Yevengelos Mantsiosa 280 min, Leandro Beçerraya 250 min dollar ödəməlidi. 

 

Yaşar müəllim, deyirsiz ki, onlar kimdi? Vallah, billah deyilənlərə görə vaxtilə “Bakı”da oynayıblar. Mantsios “Bakı”nın heyətində cəmisi 8 oyuna çıxıb. Beçerra isə vur-tut 4 oyunda meydanda olub. Biri 280, digəri 250 min dollar tələb edir. Üst-üstə yarım milyon dollardan yuxarı. 


Yaşar müəllim, onlar sizdən tələb edir, siz də balaca dükan tikib ailəsini güclə dolandıran kasıb-kusubdan tələb edirsiz. Həm özününz yemək, həm də xaricdən gətirdiyiniz bu futbolçufasonları yedizdirmək üçün. Yaşar müəllim, tələb etməyinə edin ey... Futbol təsərrüfatındakılar öyrənçəlidi. Amma adamda bir üz də olar də...rekord.az


Digər xəbərlər

Xəbər xətti