Avropa Oyunlarının məşəli mayın 9-da Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsinə gətirilib.
SportArena.az xəbər verir ki, minlərlə məcburi köçkün əllərində gül-çiçək və bayraqlar "Bakı-2015” I Avropa Oyunlarının məşəlini qarşılamaq, məşəl estafetinin sevincini yaşamaq üçün qəsəbənin küçələrinə axışıb.
I Avropa Oyunlarının məşəli günün II yarısında 320 ailəlik qəsəbədə xocavəndli məcburi köçkünlər tərəfindən böyük coşqu və alqış sədaları ilə qarşılanıb. Alov estafetini Xocavənd rayonundan olan məşəlçi – sambo, döyüş sambosu, əlbəyaxa döyüş və jiu-jitsu üzrə dünya çempionu Bəxtiyar Abbasov qəbul edib. Sonra 3,2 kilometr məsafədə məşəl yürüşü başlanıb. 10 nəfər idmançı məşəli bir-birinə ötürərək qəsəbədəki Dövlət Bayrağı meydanına gəlib. Yol boyu düzülən xocavəndlilər məşəl estafeti iştirakçılarını hərarətlə qarşılayıblar.
Alov estafetinin sonuncu iştirakçısı – qarışıq döyüş növləri və döyüş sambosu üzrə dünya çempionu Şəhriyar Abbasov məşəli səhnəyə qaldırıb. Minlərlə xocavəndlinin alqış sədaları göyə ucalıb. Səmaya sülh göyərçinləri və şarlar buraxılıb. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim edib. Çıraq yarışların sonuna qədər "Bakı-2015”-in rəmzi kimi rayonda saxlanılacaq. Mərasimdə Atəşgah məbədində I Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Bəxtiyarla Şəhriyar qardaşdırlar. Bunlardan Bəxtiyar Abbasov martda Moskvada keçirilən sambo üzrə Dünya Kubokunda Ermənistan himninə etiraz olaraq ayaq üstdə durmaqdan imtina etmişdi. Buna görə "Qəbələ" klubunun üzvü qazandığı bürünc medaldan məhrum edilmiş və 2 illiyə sambo yarışlarından diskvalifikasiya olunmuşdu. Qarabağ müharibəsi zamanı yaxınları ermənilər tərəfindən öldürülən idmançımıza dövlət qayğısının əksi isə ona belə bir mötəbər turnirdə məşəl daşımaq tapşırığının verilməsindən görünür.