AFFA-nın "Kəpəz"ə və "Zirə"yə lisenziya verməsi, Premyer Liqanı haqq edib birinci divizionda yüksək yerlər tutan komandalara isə əksinə, lisenziya verməməsi idman ictimaiyyətində birmənalı qarşılanmadı. Artıq neçənci dəfədi ki, bu cür və ya buna bənzər hadisə baş verir. Mən inanmıram ki, dünyanın hansısa çempionatında belə işlər olsun. Bu hərəkət idman ictimaiyyətinə tüpürməkdi. Ümumiyyətlə, idman prinsiplərinə tüpürməkdi.
Maraqlıdı, birinci divizionda yüksək yer tutub Premyer Liqanı haqq edən komandalar lisenziyalaşdırmanın hansı şərtini yerinə yetirməyib ki, bu şərtləri 9-cu yerdəki "Kəpəz" və 4-cü yerdəki "Zirə" yerinə yetirib? Yaxşı olardı ki, bunlar açıqlansın.
Məlumdu ki, birinci divizionun əksər klublarının maliyyəsi eyni mənbədən - neftdən ödənilir. AFFA-ya sponsorluq edən istiqamət də eynidi: neft. Neftin də, AFFA-nın da başında eyni şəxsin dayandığını nəzərə alsaq, onda deməli, dolayısı ilə birinci divizionun klublarının əksərinin sponsoru elə AFFA-dı. Birinci divizionun komandası lisenziyalaşdırmanın şərtini yerinə yetirmirsə, onda deməli, bunu AFFA istəmir. Çünki sponsorluq edən elə AFFA-dı.
Əslində, federasiya komandalara yardım və ya sponsorluq etməlidimi? Federasiya bunun üçündümü? Xeyr. Gəlin bunu sadə şəkildə, loru dildə izah edək.
Komandalar çempionat keçirmək üçün bir yerə yığılır. Onların bu çempionatını keçirmək üçün neytral şəxslər öz xidmətlərini təklif edirlər. Həmin şəxslər eyni zamanda çempionatın təşkili, burda yaradacaqları obyektivlik, idman prinsiplərinə əməl olunması və s. işlərlə bağlı öz platformalarını da təklif edirlər. Bu zaman yarışda iştirak edən komandalar və ya onların nümayəndələri bu şəxslər arasında seçim edir və ən yaxşı platforması olanı seçirlər. Seçilən şəxs - yəni prezident öz komandasını yığır və çempionatı təşkil edir. Klublar da çempionatda çıxış etmələrinə görə üzvlük haqqı verirlər. Həmin pul da yarışı təşkil edən şəxslərin əməkhaqlarına, hakimlərin qonorarına və s. xərclənir. Mən burda bu işin ən sadə formasını izah etdim. Burda sponsor müqavilələri və başqa bir çox nüanslar var ki, bunların üstündə dayansaq, mövzudan yayınarıq.
Deməli, klublar federasiyadan pul almalı deyil, özlərinə sponsor tapmalıdı və bu pulu sponsor verməlidi. Federasiya isə yarışı təşkil edən qurumdu, klublara sponsorluq edən qurum deyil.
Yuxarıdakı izahatdan bu nəticəyə gəldik ki, federasiya klublara pul paylamalı deyil, əksinə, pul almalıdı. Bu, normalda belədi. Bizdə isə əksinə, AFFA dolayısı ilə və ya birbaşa birinci divizion komandalarına sponsorluq etdiyindən, həm də onları özündən asılı vəziyyətə salır. Yəni lazım olanda lisenziyalaşdırma və ya başqa bir səbəbi bəhanə gətirərək aşağı dəstədə birinci yeri tutan komandanı yüksək liqaya buraxmır. Haqqı yeyilən komandaya da möhkəm tapşırır ki, bu il səni yüksək dəstəyə buraxmayacam, amma sən də səsini çıxarma. Komanda da susur. Çünki bilir ki, danışsa, UEFA-ya şikayət etsə, növbəti mövsüm ümumiyyətlə mövcud olmayacaq. Hər sahədə müşahidə etdiyimiz tipik siyasət.
Qalır mətbuat, onu da zərərsizləşdirmək elə də çətin olmur. Səfərlərə gedəndə onlardan az-az özləriylə aparıb, hansısa xidmətlər göstərib neytrallaşdıra bilirlər. Vəziyyəti ağır olan mətbuatın və onun nümayəndələrinin isə buna getməkdən başqa çıxış yolları qalmır. komanda.az