Oqtay Abdullayev: Kəpəz "Dalğa Arenada oynamaqdansa, Yevlaxda çıxış etsin"

17:06 11 May 2015

Azərbaycan futbolunun veteranı Oqtay Abdullayevin müsahibəsi

 

- "Kəpəz"in növbəti mövsümdə Premyer Liqada oynayacağı xəbərini necə qarşıladınız?
- Biz veteranlar bu xəbəri eşidəndə sevindik. Gəncə Azərbaycan futboluna Mübariz Zeynalov, Ruslan Abdullayev, Sergey Kramarenko, Maşallah Əhmədov, Vasif Əliyev, Yunis Hüseynov, Vəli Qasımov və başqa bir sıra tanınmış oyunçular bəxş edib.

 

- Belə çıxır ki, Azərbaycanın veteran futbolçularının yarısı Gəncədəndir...
- Az qala yarıdan çoxu məhz Gəncədən çıxıb. Bu komanda çoxdan Premyer Liqaya qayıtmalı idi. Futbolun inkişafını istəyiriksə, bölgələrdə bu idman növünə xüsusi diqqət ayrılması vacibdir. Tovuzda da böyük futbolun olması əla olardı. "Neftçala"nın da Premyer Liqada oynaması yaxşı olardı.

 

- "Kəpəz" elitaya vəsiqə qazansa da, güclü sponsoru yoxdur. Düşünmürsünüz ki, belə çətin olacaq?
- Gəncədə kifayət qədər imkanlı şəxslər var. İcra Hakimiyyətinin başçısı da futbolu sevən adamdır. Vaxtilə Yevlaxda bu işlə məşğul olub və bu komandanın necə çıxış etdiyini yaxşı xatırlayıram. Fikrimcə, "Kəpəz"in maliyyə problemi olmayacaq. Həm də dövlət proqramı çərçivəsində klublara maliyyə yardımı göstəriləcək. Əminəm ki, bu klubun işləri Premyer Liqada yaxşı gedəcək.

 

- Klub prezidenti Mehman Allahverdiyev bizimlə müsahibəsində bildirib ki, komanda ev oyunlarını "Dalğa Arena"da keçirəcək...
- Niyə "Dalğa Arena"? Qoy Yevlaxda oynasınlar. Komandaları paytaxdan kənara çıxarmaq lazımdır. Burada futbola gedən yoxdur. Liderlərin oyununa nə qədər insan gəlir? Əgər futbolun inkişafını istəyiriksə, regionlarda iş görmək lazımdır. Paytaxtda nə qədər az komanda olsa, bir o qədər yaxşıdır.

 

- "Zirə"nin Premyer Liqaya vəsiqə qazanması barədə nə deyə bilərsiniz?
- Bu komandanı az tanıyıram. Amma onların işə münasibəti inam yaradır. Görünür, yaxşı imkanları var. Onlara uğurlar arzulayıram.

 

- "Bakı"nın Premyer Liqanı tərk edəcəyi də dəqiqdir...
- Bu cür infrastruktura, belə prezidentə malik klubun Premyer Liqada olmaması çox üzücüdür. Buna çox təəssüflənirəm. Amma mən "Bakı"nın üstündən xətt çəkmək istəməzdim. Onlar bir il sonra yenidən elitaya qayıda bilərlər. Ümumiyyətlə, mənə elə gəlir ki, qarşıdakı mövsümlərdə elitada klubların sayını artırmaq lazımdır. Bunun ölkə futboluna ancaq xeyri dəyəcək.azerisport.az


Digər xəbərlər

Xəbər xətti