Premyer Liqanın XXXIII turu 8 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. SportArena.az xəbər verir ki, qırmızı vərəqə alan 5 futbolçu ilə yanaşı, 3 oyunçu da sarı vərəqə limiti üzündən növbəti matçı buraxacaq.
3 komanda - “Qarabağ”, “Qəbələ” və “Bakı” hərəyə 2 futbolçusunun xidmətindən məhrum olub. “Sumqayıt”la görüşəcək Ağdam təmsilçisi iki aparıcı oyunçunu itirib.
Belə ki, Muarem Muarem və komandanın kapitanı Rəşad Sadıqov mövsümdə 4-cü dəfə xəbərdarlıq aldığından XXXIV turu buraxacaq.
“Qəbələ”də isə qırmızı vərəqə alan Ruslan Tağızadə kimi Ruslan Abışov da cəzalıdı. Sonuncu mövsümdə 12-ci sarı vərəqəsini alıb. Onun iştirak etmədiyi “İnter”lə qarşılaşmada qonaqlar da kapitansız çıxış edəcək. Buna Səlahət Ağayevin qırmızı vərəqə alması səbəb olub.
3 kapitanın cəzalı olduğu turu “Bakı”nın 2 oyunçusu buraxacaq. Bunlar qırmızı vərəqə alan Vüqar Bəybalayev və Mahir Mədətovdu. XXXIV turda istirahət edəcək “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov da qırmızı vərəqə üzündən cəzalıdı. Lakin yarımmüdafiəçi transferə çıxarıldığından paytaxt təmsilçisinə lazım deyil.