Zəlimxan Yaqub: “Dünya bu mötəbər tədbirdən ilham alacaq”

14:23 12 May 2015

Xalq şairi Zəlimxan Yaqub Azərbaycanda keçirilən Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşüb.

 

İlk Avropa Oyunlarını tarixi hadisə kimi qiymətləndirən xalq şairi bu hadisədən qürurlandığını dilə gətirib: “Ölkəmizdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsini şanlı  tarixi hadisə kimi qiymətləndirirəm. Bu öz yerində, eyni zamanda, amma bu möhtəşəm hadisə ilə bağlı ölkəmizdə başlanan quruculuq işlərinin özü ayrıca bir hadisədir. Bütün xalqım bu mötəbər tədbirə tədarük görür. Bölgələrimizdə sanki bir atəşfəşanlıq yaşanır, Bakıda başlanan Alov Festivalı kəndbəkənd gəzir. Odlar yurdu Azərbaycanım qonaqlarını qarşılamağa hazırlaşır. İnsan öz evinə qonaq çağıranda hansı duyğuları yaşayırsa, Azərbaycan xalqı da eyni duyğular içindədir.  Bundan böyük sevinc, bundan böyük təntənə, bundan böyük izdiham olarmı?! Azərbaycanda bu möhtəşəm oyunların keçirilməsi üçün tikilən və dünya standartlarına cavab verən idman kompleksinə baxanda adamın ürəyi açılır”.

 

Xalq şairi bayram əhval-ruhiyyəsini korlamaq istəyən və bu nüfuzlu tədbirə kölgə salmaq istəyən insanlara da sözünü deyib:

 

“Hər kəs bilir ki, bu möhtəşəm tədbir Azərbaycanın, dövlətçiliyimizin dünyada möhkəmlənməsinə xidmət edəcək. Ölkəmiz bu tədbirdən böyük uğurlar qazanacaq, amma düşmənlərimiz ziyan çəkəcək. Bəzi üzdəniraq qüvvələr orda-burda ağızlarına gələni danışır, dövlətçiliyimizə, uğurlarımıza kölgə salmaq istəyir. Orda-burda qarayaxma kampaniyasına başlayıblar. Amma arzuları gözlərində qalacaq. Dünya bu mötəbər tədbirdən ilham alacaq. Elə qurumlara, elə insanlara  üzümü tutub deyirəm ki, darqursaq olmayın, uğura sevinməyi bacarın. Öz hərəkətlərinizə görə utanacaqsınız, amma “daldan atılan daş topuğa dəyər” deyib atalar”. publika.az


Digər xəbərlər

Xəbər xətti