“Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Skarlatakenin həyat yoldaşı Betris Skarlatakenin müsahibəsi
- Azərbaycana aradabir gəlirsiz, yoxsa mütəmadi burda yaşayırsız?
- Burda yaşayıram. Həmişə həyat yoldaşımın yanında oluram. Onu heç vaxt yalnız buraxmıram (gülür).
- Adrianın “Xəzər Lənkəran”da qalmasının tərəfdarısız, yoxsa yayda başqa ölkəyə köçməsinin?
- Mən onun üçün hər şeyin yaxşısını istəyirəm. Adrian burda özünü əla hiss edir. “Xəzər Lənkəran”ın hər bir azarkeşi onu sevir. Əgər həyat yoldaşım burda yaxşıdısa, deməli, mən də yaxşıyam.
- Həyat yoldaşınız qərar qəbul edəndə sizinlə məsləhətləşirmi?
- Əlbəttə. Axı biz ailəyik. İstər adi həyat, istərsə də futbol həyatında mənimlə məsləhətləşir. Mən də bir qərar qəbul edəndə onunla məsləhətləşirəm.
- Adrian meydanda olduğu kimi, evdə də müdafiəçidimi?
- Bəli. O, evdə də müdafiəçi funksiyasını yerinə yetirir.
- Sizin üçün də Azərbaycanda yaşamaq rahatdımı?
- Rahatdı. Gah Lənkəranda oluruq, gah Bakıda. Həyat yoldaşım Lənkərana gedəndə mən də onunla birgə gedirəm. Bakıya qayıdanda da birgə qayıdırıq. Azərbaycanı çox sevirəm. Artıq 5 ildi burda yaşayırıq. Azərbaycanı öz evim sayıram.
- Azərbaycanın adət-ənənələrini bəyənirsizmi?
- Çox bəyənirəm. Öz adət-ənənələriniz var. Hamısı maraqlıdı. Daha çox toylarınızı qeyd edərdim. Azərbaycan mədəniyyəti də ürəyimcədi.
- Toylardan söz düşmüşkən, Azərbaycan toylarında sizi nəsə təəccübləndiribmi?
- Burda bir çox toylarda olmuşam. Öncə onu qeyd edim ki, şadlıq saraylarınız mükəmməldi. Hamısının dekorasiyası bir-birindən fərqlənir. Diqqətimi çəkən məqam odu ki, masa arxasında qadınlar ancaq qadınlarla, kişilər isə kişilərlə əyləşirlər (gülür).
- Azərbaycan yeməkləri ürəyinizcədi? Yəqin ki, cənub zonasının sevimli yeməyi olan ləvənginin dadına baxmısız...
- Əlbəttə, baxmışam. Badımcan ləvəngisini çox bəyənirəm. Həddindən artıq dadlıdı. Yedikcə yemək istəyirsən (gülür). Siz sağlam qidalanırsız. Daha çox təbii yeməklərə üstünlük verirsiz ki, bu, çox yaxşı haldı.
- Sizdən fərqli, əksər əcnəbilər yeməklərimizin yağlı olmasından gileylənirlər...
- Mən Azərbaycan yeməklərinin çox yağlı olduğunu düşünmürəm. Hər şey normaldı. Üstəlik, həyat yoldaşım idmançıdı, ona da yağlı yeməklər olmaz. Sizcə, Adrian yağlı yeməklər yesəydi, sağlamlığına fikir verməsəydi, bu cür yaxşı oynaya bilərdimi? (gülür).
- Bakıda maşın idarə edə bilirsizmi? Yoxsa sükan arxasında ancaq həyat yoldaşınız olur?
- Maşını həmişə mən sürürəm, Adrian isə istirahət edir. Düzdü, Bakıda maşını bir qədər təhlükəli sürürlər. Ancaq bu, məni qorxutmur. Dediyim kimi, sükan arxasında adətən mən oluram.
- Deməli, Adrianın həyat yoldaşı olmaqdan əlavə, həm də sürücüsüsünüz...
- (Gülür). Razıyam. Mən həyat yoldaşımın sağ əliyəm (yenə gülür).
- Bakıkın daha çox hansı hissəsini bəyənirsiz?
- Alov Qülləsi, köhnə şəhər və dənizkənarı parkı çox bəyənirəm. Bakı romantik şəhərdi. Xüsusən də dəniz kənarı parkda gəzəndə həzz alırsan. Bakı gecələri çox gözəl olur. Burda əyləncə mərkəzləri, parklar, yaşıllıq sahələri çoxdu. Adam heç darıxmır.
- Lənkəranda necə, bəyəndiyiniz yerlər varmı?
- Var. Bakıda olduğu kimi, digər regionlarınızda da görməli yerlər var. Lerikin dağlarını çox bəyənirəm. Orda çay kənarında otel var. Çox xoşuma gəlmişdi. Ümumiyyətlə, Azərbaycan modern ölkədi. Müasir şoppinqlər, restoranlar, bar və diskotekalar, göydələnlər, bir sözlə, hər şey əladı. Bakı mənə Dubayı xatırladır. Paytaxtınız ildən-ilə inkişaf edir.
- Azərbaycan mahnılarını dinləyirsizmi? Maraqlıdı, bizim müğənnilərdən kimləri tanıyırsız?
- Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənnini çox bəyəndim (Elnur Hüseynovu nəzərdə tutur – T.M.). Yaxşı səsi var, mahnısı da gözəldi. Digər müğənnilərinizi isə tanımıram.
apasport.az