Arif Əsədov: "Böyükağa Hacıyev məni tənqid edir, amma o da ötən mövsüm bu heyətlə çalışıb"

18:31 12 May 2015

"Neftçi"nin baş məşqçisi Arif Əsədovun müsahibəsi

 

- "İnter"ə ağır məğlubiyyətdən sonra əhvalınız necədir?
- Hər şey yaxşıdır. Futbolda qələbələr də olur, məğlubiyyətlər də. Pessimist olmamalıyıq. Biz hələ bu mövsümü uğurlu başa vurmaq şansımızı saxlayırıq.

 

- Elvin Yunuszadə, Mirhüseyn Seyidov və Rauf Əliyevin transferə çıxarılmasına münasibətinizi bilmək istərdik...
- Bu, klub tərəfindən qəbul olunmuş peşəkat qərardır. Burada şərh olunası heç nə yoxdur. Səbəblər var və məhz həmin səbəblər belə bir qərarın çıxarılmasına gətirib çıxardı.

 

- Yəqin ki, siz də bu futbolçulardan narazı idiniz ki, rəhbərlik belə bir qərar qəbul etdi...
- Təbii ki, səbəblər var idi. Toplantı zamanı bütün bunlar müzakirə olundu. Nəticədə, belə bir qərar çıxarıldı. Təfərrüata varmağa ehtiyac görmürəm.

 

- Son məğlubiyyətin ardından sizinlə də bağlı çoxlu söhbətlər dolaşmağa başlayıb. Məsələn, sabiq baş məşqçi Böyükağa Hacıyev sizi tənqid edib. Baş verənləri izləyirsiniz?
- Bizdə həmişə belə olub. Oxşar hadisələrlə əvvəllər də üzləşmişəm. O vaxt bunlara reaksiya verirdim. Amma indi hesab edirəm ki, buna diqqət yetirməmək daha doğru olar. Öz işimi görməyə davam edəcəyəm. Mövsümün sonunda danışarıq.

 

- Klub rəhbərliyinin dəstəyini hiss edirsiniz?
- Əgər mən hələ də "Neftçi"nin baş məşqçisiyəmsə, deməli, dəstək var. Mövsümün əvvəlində qarşıma vəzifə qoyulub. Minimum vəzifə isə Avropa Liqasına vəsiqə qazanmaqdır. Gördüyünüz kimi, bu vəzifənin öhdəsindən gəlmişik. Bununla yanaşı titul da qazanmaq istəyirik. Bütün bunlara transferlərsiz nail olmuşuq. Mən də başqa məşqçilər kimi istədiyim oyunçuların alınmasını istərdim. Amma mənim belə bir imkanım olmayıb. Böyükağa məni tənqid edir, halbuki, bu heyətlə ötən il də o çalışmışdı. Hələ həmin heyətdən altı futbolçunun getdiyini də nəzərə almaq lazımdır. Ötən il bu komanda kuboku qazanıb və dördüncü yeri tutub.

 

- "Neftçi" bu oyunla Azərbaycan Kubokunu yenə qazana biləcək?
- Biz kubokda Premyer Liqadakı oyunu göstərməyəcəyik. Siz heyətimizdə nə qədər itkinin olduğunu görürsünüz. Bununla özümüzə haqq qazandırmıram. Sadəcə, müdafiə xəttimizdə ciddi problemlər var. Bu üzdən də gənc futbolçuları oynatmaq məcburiyyətindəyik. Düzdür, bununla nəticələrimizi risk altında qoyuruq. Amma nəyisə qazanmaq üçün bəzən qurban da vermək lazım gəlir. Bu gənclərin klubumuza böyük faydası dəyəcək.

 

- Siz kuboku da qazana bilməsəniz, istefa təhlükəsi ilə üz-üzə qalacaqsınız...
- Gəlin hadisələri qabaqlamayaq. Müqaviləm var, işimi görməyə davam edirəm. Mövsümün sonunda nə olacağını birgə görəcəyik. azerisport.az


Digər xəbərlər

Xəbər xətti