Elnur Allahverdiyev: “Məni “Neftçi”dən uzaqlaşdıranları Allah “nakazat” edəcək”

18:46 12 May 2015

Azərbaycan yığmasının sabiq üzvü Elnur Allahverdiyevin müsahibəsi

 

- “Neftçi”dən uzaqlaşdırıldıqdan sonra görünmürsünüz. Hazırda nə işlə məşğulsuz?

- Bir az küsdüm, incidim. Hələ hər şeyi danışmağı istəmirəm. Allahın köməkliyi ilə qayıtmaq istəyirəm. Yayda qayıdıb, oynayacam. İndi isə fərdi məşq edirəm.

 

- Kim sizi küsdürdü futboldan?

- Allaha qurban olum. Məni “Neftçi”dən uzaqlaşdıranları Allah “nakazat” edəcək. Onların hamısını Allaha tapşırıram. Mən təkcə onu arzulayıram ki, qayıdım, oynayım, hər şeyi sübut edim. Sadəcə, bir müddət kənara çəkilməyim, səbr etməyim lazım idi. Ona görə də yoxa çıxmışdım.  

 

- Qayıdıb, yenidən özünüzü sübut etməyə gücünüz çatacaqmı?

- Niyə çatmasın, çatacaq. Məndə həmişə güc, xarakter var. İstəyirəm ki, milliyə də qayıdam. O güc də məndə var.

 

- Hansısa klubdan təklif almısızmı?

- Telefon nömrəmi dəyişmişəm deyə, heç kimlə əlaqə saxlamıram. Gözləyirəm. Təklif olsa,  qayıdıb, oynayacam.

 

- “Bakı”nın ardınca, “İnter” və “Simurq”un da iddiasının azalacağı gözlənilir. Belə bir məqamda yeni klub tapmaq sizin üçün çətin olmayacaq ki?

- Çətin olacaq-olmayacaq, mən öz şansımı gözləyirəm. Kim dəvət göndərəcəksə, şərəflə, canla-başla oynamağa hazıram. Hamı bilir ki, mən həmişə qazandığım pulun qarşılığını verməyə çalışmışam. Həyatda prinsipim o olub ki, oynayım və məğlub olmayım. Belə getmək mənə yaraşmaz.

 

- Bir ara söhbətlər çıxdı ki, futbolu buraxıb, Rusiyaya ticarətlə məşğul olmağa yollanmısız...

- İstəyirdim başqa işlərlə məşğul olam. Amma futbol üçün darıxdım. Futbolu sakitcə bitirməyə razı olmadım, istəyirəm şərəflə qurtarım.

 

- Əsəbi başla fikirləşmək olmur. Bir müddətdi futboldan kənardasız. Soyuq başla olanları təhlil edə bildinizmi?

- Bəli, edə bildim. Məncə, həmin vaxt oynamamağım məsləhət idi. Çünki əsəbi idim. Dincəlməyin mənə xeyri dəydi. Düşündüm, daşındım və qərara gəldim ki, qayıdım.


- Azərbaycan futbolunu seyr edirsizmi?

- Açığı, eləmirdim. Təkcə son turu izləmişəm. Ondan əvvəl oyunlara baxmırdım, heç xəbərim də yox idi. Məni o dərəcədə küsdürmüşdülər ki... İnanın, xətrimə çox dəydilər. Allah özü hər şeyi yoluna qoyacaq.

 

- Bayaq qeyd etdiniz ki, Allah özü hamısını cəzalandıracaq. “Neftçi”nin keçmiş rəhbərliyini nəzərdə tutursuz?

- Allah hər şeyi görür. Mənə qarşı haqsızlıq olundu. Buna görə də, başımı saldım aşağı, kənara çəkilib, səbr etdim. Hamı kim kim olduğunu yaxşı bilir. Mənim deməyim düz çıxmaz. Bircə istəyirəm ki, futbolla kişi kimi vidalaşım.

 

- Üstündən neçə ay keçib, amma hələ də “Neftçi”dən kənarlaşdırılmağınızla bağlı münasibət bildirməmisiz. Xatırlayırsızsa, sizi intizamsızlıqda günahlandırmışdılar...

- Bəli, məni intizamsızlıqda günahlandırdılar. Nə bilim e... Bəlkə də razılığa gəlsəydik, qalıb oynayardım. Sadəcə, özüm üz döndərib, getdim.

 

- “Neftçi”nin rəhbər postunda, klubun idarəetməsində dəyişikliklər edildi. Təklif olsa, yenidən bu klubun formasını geyinərsizmi?

- Əlbəttə ki, geyinərəm. Qoy görsünlər ki, oynaya bilirəm. Karyeram ərzində çox komandadan çıxmışam. Amma heç kimə elə şey arzulamaram. Maraqlanmıram ki, kimi çıxartdılar, kimi yox. Mən elə şeyi güdən oğlan deyiləm.

 

- Əvvəlki rəhbərlik postunda qalsaydı necə, “Neftçi”yə qayıtmaq istərdinizmi?

- Əvvəlki rəhbərlik olsa, qayıtmaram. Baş məşqçiyə irad tutmuram. Arif Əsədov sağ olsun ki, məni “Neftçi”yə çağırmışdı. Buna görə ona minnətdaram. Ümumiyyətlə, mən heç vaxt məşqçinin dalınca danışmaram. Amma rəhbərlik tərəfdən mənə haqsızlıq oldu. Kimə söz çatdığını özü də bilir.

 

- Təxminən 4 ay futboldan uzaq qalmağınız maddi durumunuza mənfi təsir göstərmədi?

- Mən heç vaxt maddi durum haqda fikirləşməmişəm. Elə futbolçu olmuşam ki, həmişə meydana çıxıb, mübarizə göstərmək istəmişəm. Maddi imkan deyəndə ki, əsas odu salamatıq, qolum-qıçım yerindədi, anam-atam sağdı. Həyatda bundan gözəl nə maddi imkan ola bilər ki?apasport.az


Digər xəbərlər

Xəbər xətti