Braziliyanın “Mane Qarrinçi” adlanan milli stadionun xərclərini ödəyə bilmir.
SportArena.az xəbər verir ki, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı üçün inşa edilən 900 milyon dollarlıq stadion indi avtobus parkına çevrilib. Mundialdan sonra bir çox stadionlar ağır maliyyə böhranı ilə üzləşib. Braziliyada çempionat oyunlarına 5 minə yaxın azarkeş gəlir ki, bu da stadionun xərclərini qarşılamaq üçün yetərli deyil.
Vəziyyətin ağırlığını nəzərə alan stadion rəhbərliyi arenanı profilinə uyğun olmayan sahələrə yönəltmək məcburiyyətində qalır. Milli stadionun ətrafında 400-ə yaxın avtobus yerləşdirmək mümkündür. Bundan əlavə, arenada dövlət müəssisələrinin bir neçəsinin ofisi də yerləşir. Milli stadionun bir aylıq xərci təxminən 200 min dollardır.
Manausda tikilən 600 milyonluq stadionun durumu daha acınacaqlıdır. Mundialdan sonra stadion, demək olar ki, istifadəsiz qalıb. Yerli komanda burda bircə oyun da keçirməyib.
Braziliya dünya çempionatı üçün yeni stadionların tikintisinə, köhnələrin təmirinə 3 milyard dollar vəsait xərcləyib. Hökumət vəd edirdi ki, stadionlar konsertlərin, dövlət tədbirlərinin, idman yarışlarının hesabına xərclərini ödəyəcək.