Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İspaniya hökumətinin milli federasiyanın işlərinə müdaxilə edəcəyi təqdirdə, həmin ölkənin klublarının və yığmalarının beynəlxalq turnirlərdən kənarlaşdırılacağı ilə təhdid edib.
UEFA və FIFA-nın qaydaları üçüncü şəxslərin milli federasiyaların işlərinə qarışmasını qadağan edir. Qadağa pozulacağı təqdirdə ölkənin klub və yığmaları bütün beynəlxalq turnirlərdən uzaqlaşdırılacaq.
İspaniya Kral Futbol Federasiyası mayın 6-da futbolçuların həmkarlar ittifaqının xahişi ilə turnirlərin dayandırılması haqqında qərar qəbul edib. Həmkarlar ittifaqı ölkə hökumətinin 2016-2017-cü illər mövsümünün televiziya hüquqlarının satışının mərkəzləşdirilməsi haqqında qərarı ilə bağlı mayın 17-də milli birinciliyin aparıcı divizionunun 37-ci turunun matçları zamanı tətil keçirəcəyi ilə hədələyib.
Qanuna görə, futbolçular televiziya hüquqlarının satışından əldə olunan gəlirdən faiz götürə bilməyəcəklər. Gəlirlərin 90 faizi aparıcı divizionun, 10 faizi ikinci divizionun klublarına çatacaq.
Həmkarlar ittifaqı rəhbərlərinin fikrincə, bu qanun həvəskar və qadın futbolunu məhv edəcək, habelə aşağı liqaların klublarına ciddi zərbə vuracaq.
FIFA İspaniyanın hakimiyyət orqanlarına xəbərdarlıq edərək bildirib ki, mövcud vəziyyət sanksiyaların tətbiq edilməsinə gətirib çıxaracaq.