Kamran Ağayev açıqlama verdi: "Tezliklə hər şeyə aydınlıq gələcək"

17:00 14 May 2015

SportArena.az Azərbaycan millisinin və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayevin müsahibəsini sizə təqdim edir:

 

- Bakıdasınız?
- Bəli, burdayam. İşim olduğu üçün klub rəhbərliyindən xahiş etdim ki, mənə icazə versinlər. Bu axşam qayıdıram.

 

- "Kayserispor" vaxtından öncə çempion oldu və Super Liqaya vəsiqə qazandı...
- Bunlar çox gözəl hissdir. Sözlə ifadə etmək çətindir. İstənilən qələbə xoşdur. Hətta dostlarınla dominoda qazandığın qələbə də. Amma ölkəndən kənarda belə bir uğura nail olmaq ikiqat sevinclidir. Bununla kifayətlənmək istəmirəm. Karyeramda hələ nail olmaq istədiyim çox şey var. Əsas odur ki, zədə olmasın.

 

- Yeri gəlmişkən, əliniz sağalıb?
- Bir həftə öncə test üçün məşq etmək istədim, ağrılar hiss etdim. İndi isə ağrıların qaldığına inanmıram. Tezliklə komandaya qoşulacağam.

 

- Bu həftə komandanız "Karşıyaka"nı qəbul edəcək və oyundan sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın əlindən qızıl medallarla təltif olunacaq...
- Türkiyənin birinci şəxsinin əlindən medal almaq xoş olacaq. Amma əsas mənim həmin medalı almağımdır (gülür). Komandada qalsam da, getsəm də, bu nəticə dəyişməyəcək. "Kayserispor"la birgə mən də titul qazanmış oluram.

 

- Kayserini tərk etməyiniz mümkündür?
- Düzünü desəm, bu məsələ ilə menecerim məşğul olur. O, hazırda Türkiyədədir. Hələ bu haqda danışmaq istəmirəm. Tezliklə hər şeyə aydınlıq gələcək.

 

- Yığmamızın Serbiya və Norveçlə oyunlarına qədər hazır olacaqsınız?
- Problem olacağını düşünmürəm. Təklif alsam, yüz faiz hazır olacağam.

azerisport.az


Digər xəbərlər

Xəbər xətti