Dünən baş tutan U-13 liqasının final oyununda "Xəzər Lənkəran" "Neftçi"yə 1:3 hesabı ilə məğlub oldu. Oyunda diqqətçəkən məqamlardan biri də o idi ki, "Neftçi" komandasının heyətində yaşca daha böyük olan bir-neçə futbolçu var idi.
SportArena.az olaraq, bu məsələyə maraqlı şərh verən tanınmış idman jurnalisti Anar Xanlarovun fikirlərini sizə təqdim edirik:
"U-13 liqasının "Neftçi" ilə "Xəzər Lənkəran" arasındakı final matçını izlədim. Oyun öncəsi çox söz-söhbət gəzirdi, həm də özümə maraqlı gəldi iki prinsipial rəqib qarşılaşırdı. "Neftçi" 3:1 hesabı ilə qalib gəldi. Amma açığını deyəcəm kim necə başa düşür düşsün. Əgər kimlərsə buna inkişaf deyirsə tüpürüm o inkişafa. Kimə lazımdır bu çempionluq kimə lazımdır bu inkişaf. Yekə-yekə kişiləri uşaqlara qarşı oynadırlar. "Neftçi"nin heyətində 4-5 futbolçu var idi ki, dünya tökülüb üstümə gələ onların "təmiz" olduğunu mənə sübut edə bilməz. Normal düşüncəsi ağlı olan insan kənardan baxan kimi görəcək ki, bu futbolçular digərlərindən aşağısı 2-3 yaş böyükdür. Kimisə ittiham eləmirəm sadəcə, öz fikrimi deyirəm. Ayıbdı kənardan çox gülünc görünür. Futbolun inkişafını istəyirsinizsə imkan verin uşaqlar öz gücünə qabağa getsin. Bu arada "Xəzər Lənkəran" uduzsa da mənə görə, bu oyunun onlara daha çox xeyri oldu. Çünki Avropada uşağı özündən böyüklərlə oynadırlar ki, inkişaf etsin. Bu mənada "Xəzər Lənkəran"ın balacaları daha çox qazandı".
Cavid ƏHMƏDOĞLU