7800 tamaşaçı tutumuna malik Heydər Əliyev adına İdman Sarayı Avropa Oyunlarını qəbul etməyə tam hazırdır. Birinci Avropa Oyunları zamanı burada cüdo, sambo və güləş yarışları keçiriləcək.
Əsaslı təmir işlərinin layihəsinin hazırlanması və icrasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb olunub. Ümumi sahəsi 54,8 min kvadratmetr olan binada aparılan əsaslı təmir işləri zamanı daxili kommunikasiya, havalandırma sistemləri yenidən qurulub, zalların döşəməsinə idman təyinatlı xüsusi örtük vurulub. Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb.
Bu sarayın əsaslı təmiri Avropa Olimpiya Komitəsi, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi və aidiyyəti beynəlxalq federasiyaların tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə yerinə yetirilib.