FOTO "Bakı-2015"in məşəli Daşkəsəndə

18:09 16 May 2015

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Gəncədə keçirilən möhtəşəm festivaldan sonra dağlar qoynunda yerləşən Daşkəsən rayonuna gətirilib.


 
SportArena.Az
-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, Daşkəsənin giriş qapısında məşəlin təntənəli qarşılanma mərasimi olub.

Şəhərin Heydər Əliyev prospektində rayonun minlərlə sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb. Avropa Oyunlarının rəmzi qapısında ağırlıqqaldırma üzrə dünya çempionu Xaqani Abdullayev məşəli qəbul edərək bildirib ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir. İdmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. O, ölkəmizin bu yarışları yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə edərək vurğulayıb ki, birinci Avropa Oyunları idmanın inkişafı ilə yanaşı, milli mədəniyyətimizin təbliğinə də əlverişli şərait yaradacaq.

Sonra 10 nəfər məşəlçi Avropa Oyunlarının rəmzi qapısından iki kilometr məsafədə yürüşə başlayıb. Onlar rayon sakinlərinin alqış sədaları altında Heydər Əliyev prospekti boyunca hərəkət edərək Ümummilli Liderin adını daşıyan mərkəzin qarşısına gəliblər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar. Sonuncu məşəlçi Zaur Həsənov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb və bu xoşbəxtlik ona nəsib olduğu üçün Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq edib.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.


Digər xəbərlər

Xəbər xətti