VİDEO Nazir Azad Rəhimov ağladı

18:13 16 May 2015

Bu gün Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnının və klipin təqdimat mərasimi keçirildi. Qeyd edək ki, mahnının ifaçıları xalq artisti Samir Cəfərov və əməkdar artist Sevda Ələkbərzadədir. Mahnının sözləri Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova məxsusdur. Klipin rejissoru Stepan Sibiryakov, prodüseri Ranar Musayevdir.

 

Tədbirə ilk Avropa Oyunlarının könüllüləri və jurnalistlər dəvət olunmuşdu. Qonaqlar üçün Muğam Mərkəzində səhər yeməyi süfrəsi açılmışdı. Tədbirdə gənclər və idman naziri, “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya Üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimov da iştirak edirdi.

Təqdimatın rəsmi hissəsini gənclər və idman naziri Azad  Rəhimov açdı: “İlk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Biz hamımız bu ölkənin vətəndaşı kimi bu oyunların yüksək səviyyədə keçirilməsi üçün çalışmalıyıq. Bu gün 17 000-dən artıq könüllü sayəsində biz bir çox işlərin öhdəsindən gəlməyə hazırıq. İstər günü sabah olsun, Azərbaycan bu oyunlara ev sahibliyi etməyə hazırdı. Demək olar ki, bütün işlərimiz tamamlanıb. Birazdan təqdim olunacaq klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən çox gözəl bir hədiyyədir. İlk Avropa Oyunlarının yüksək səviyyəli təşkilinə görə cənab İlham Əliyevə xüsusi minnətdarlığımızı bildiririk”.

Sonra “ASAN” Xidmətin sədri İnam Kərimov danışdı: “Bu tədbirə gələn hər kəsə öz təşəkkürümü bildirirəm. Çox sevindirici haldır ki, həm bu ilk möhtəşəm Avropa Oyunları Bakıda keçiriləcək, həm də ASAN Xidmət BMT tərəfindən mükafatlandırılıb. ASAN Xidmət qısa zamanda bir çox rayonlarımızda fəaliyyətə keçərək, insanlara xidmət etməyə başladı. Bunun nəticəsidir ki, bütün zəhmətlər yerdə qalmadı və mükafatlandırıldıq”.

Qeyd edək ki, “ASAN” Xidmət BMT-nin Dövlət xidmətləri mükafatına layiq görülüb.

Tədbirdə mahnının ifaçılarından əməkdar artist Sevda Ələkbərzadə də fikirlərini bölüşdü: “Çox qürurverici haldır ki, ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu gün Azərbaycan tarixində çox mühüm hadisədir. Çox xoşbəxtəm ki, mənim də bu Oyunların tanınmasında bir az da olsa, əməyim keçdi. Bu mahnını oxumaq təklif olunanda, böyük sevinclə qəbul etdim”.

Tədbirin sonunda hər iki müğənni “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnını ifa edilər. Bu zaman zalda olan könüllülər də onlara qoşulub mahnını oxumağa başladılar. Sırayla ayağa duran könüllülərə tədbirin rəsmi qonaqları Azad Rəhimov və İnam Kərimov da qoşuldu.

Maraqlı və təsirləndirici məqamlardan biri də o oldu ki, mahnı ifa olunarkən Azad Rəhimov kövrələrək göz yaşlarına saxlaya bilmədi.

SportArena.az “İlk Avropa Oyunları qədim Bakı torpağında” mahnısının klipini və təqdimat mərasimindən videonu təqdim edir:


Digər xəbərlər

Xəbər xətti