Təbrizdə qalmaqal: Azərbaycanlılar İran bayrağını yandırdılar

20:48 16 May 2015

Bu gün günorta saatlarında Təbrizdə İran bayrağı yandırılıb. Musavat.com-un məlumatına görə, hadisəni "Traktorsazi"nin azərbaycanlı azarkeşləri törədib.
 
 
Buna səbəb isə dünən İran çempionatında "Traktorsazi" ilə Tehranın "Neft" komandası arasında keçirilən oyunda baş verən qarşıdurma olub.
 
Belə ki, 3:3 hesabı ilə bitən oyunun sonunda "Traktorsazi" və tərəfdarlarına bildirilib ki, "Sepahan" - "Saypa" oyunu bərabər nəticə ilə sona çatıb və "Traktorsazi" artıq çempion olub.
 
Bundan sonra 90 min azarkeş meydana axışaraq böyük sevinc yaşayıb, şənlik ediblər. Lakin sonradan məlum olub ki, anons səhv verilib. “Sepahan" - "Syapa” görüşü heç-heçə deyil, “Sepahan”ın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Guya, bu yanlış məlumat stadionda təhlükəsizliyi qorumaq üçün verilib.
 
Deyilənə görə,  "Traktorsazi"nin baş məşqçisi Antonio Oliveyraya oyun zamanı tapşırıq verilib ki, komandası artıq  çempion olduğundan oyunçularına geri çəkilmək göstərişini versin.
 
Məlumata görə, oyundan sonra azarkeşlər qəzəblənərək stadionun stullarını qırıb, hakimə hücüm ediblər. Nəticədə polis ilə azarkeşlər arasında ciddi qarşıdurma yaranıb və 300-ə yaxın insan yaralanıb, ölənlər var.
 
Bu gün isə hirsi soyumayan azarkeşlər Təbrizin mərkəzində İran bayrağını yandırıblar.


Digər xəbərlər

Xəbər xətti