Qurban Qurbanov: “Çətin mübarizədən sonra çempion olduq”

22:53 16 May 2015

Topaz Premyer Liqasının XXXIV turu “Qarabağ” üçün əlamətdar oldu. “Sumqayıt”ı 1-0 hesabı ilə məğlub edən “Qarabağ” cari mövsümün çempionu oldu.

 

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Qarabağ” komandasına aidiyyatı olan hər kəsi çempionluq münasibəti ilə təbrik etmək istəyirəm. Son turlar bir qədər ağır, stressli alındı.  Ümumiyyətlə, ağır mövsüm keçirdik. Çətin mübarizədən sonra çempion olduq. Futbolçular layiqli mübarizə apardılar. Düzdür, son iki oyunda enişin olduğu deyilirdi. Biz bunu normal qarşıladıq. Çünki səfərdə iki çətin rəqibə qarşı çıxış etdik. Bütün bu çətinliklərdən sonra çempion olduq. Mübarizə aparan, xarakter nümayiş etdirən oyunçularım nəticə üçün oynamağı bacardılar. Bizi “İnter” kimi rəqib izləyirdi. Həmin komanda bizi bir an rahat buraxmadı, nəfəs almağımıza imkan vermədi. “Qəbələ” – “İnter” oyununa baxarkan düşünürdüm ki, “İnter” son saniyələrdə də qol vurmağı bacaran komandadır.  İndi qarşıda bizi Azərbaycan Kubokunun finalı gözləyir.  Həmin matça qədər vaxtımız var. Belə bir şans futbolçunun, məşqçinin əlinə həmişə  düşmür. Vəziyyətdən düzgün istifadə etməyi bacarmalıyıq. Transfer məsəli daima problemli mövzudur. İndiki məqamda bu barədə danışmaq istəmirəm. Bir qədər istirahət edək, daha sonra bu barədə ümumi danışarıq. Sadəcə, deyim ki, çempionluqda hər bir futbolçunun əməyi var. Cari çempionluq mənim üçün daha çətin oldu. Hesab edirəm ki, adı qoruyub-saxlamaq onu qazanmaqdan daha çətindir. Çempionluğu necə qeyd edəcəyimizi hələ müəyyənləşdirməmişik. Yəqin ki, belə bir tədbir keçirib, sizi də bu mərasimə dəvət edəcəyik”.


Digər xəbərlər

Xəbər xətti