“Qəbələ” Topaz Premyer Liqasının 34-cü turunda “İnter”lə üz-üzə gəldi.
SportArena.az xəbər verir ki, ev oyununda 1:1 hesablı heç-heçəyə nail olan “qırmızı-qaralar” uğurlu seriyalarına daha bir matç əlavə edib.
Premyer Liqada 11-ci
Fevralın 15-də “Neftçi” ilə ev oyunundan (1:3) xalsız ayrılan “Qəbələ” 90 gündür çempionat matçlarında uduzmur. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən seriya müddətində “qırmızı-qaralar” 11 məğlubiyyətsiz matçda 29 xal qazanıb. Komandanın tarixində ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2011-ci ildə qeydə alınıb və 16 matçdan ibarət olub. 2010-cu ildə 12 matçlıq seriyası olan komanda indi tarixinin 3-cü nəticəsinə imza atıb.
Evdə 5-ci
“Qəbələ” öz meydanındakı məğlubiyyətsiz oyunların sayını 5-ə çatdırıb. “Neftçi”yə uduzduqdan sonra Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran” (3:1), “Sumqayıt” (2:0), “Simurq” (1:0) və “Qarabağ”la (1:1) ev oyunlarında da məğlubiyyət acısı yaşamayıb. “İnter”lə görüşdə isə ardıcıl 2-ci ev heç-heçəsi qeydə alınıb və yenə eyni nəticə ilə başa çatıb.
12-ci qollu oyun
“Simurq”la fevralın 10-da baş tutan qarşılaşmadan sonra Qriqorçukun yetirmələri 12 matçdır meydanı qolsuz tərk etmir. Həmin görüşlərdə “Qəbələ” 22 dəfə qol sevinci yaşayıb. Klub tarixinin rekorduna imza atan “qırmızı-qaralar” 2006/07 mövsümündən çıxış etdiyi Premyer Liqada daha məhsuldar seriyaya malik olmayıb.
Aleksey Qay rekordunu təkrarladı
“İnter”lə qarşılaşmada hesabı açan Aleksey Qay Premyer Liqada 4-cü qolunu vurub. Maraqlıdır ki, o, bakılılarla III dövrənin paytaxtdakı oyununda da 1 qolla 2:1 hesablı qələbədə pay sahibi olmuşdu. Bu dəfəki qol həm də yarımmüdafiəçinin karyerasının rekordunu təkrarlaması ilə nəticələnib. Belə ki, 2014/15 mövsümünün ilk yarısını “Çernomorets”də keçirən futbolçu Ukrayna Premyer Liqasında da 4 qol vurmuşdu. Bu isə o deməkdir ki, Qay mövsümdə 8-ci çempionat qolunu vurub. Yarımmüdafiəçi üçün indiyədək ən məhsuldar mövsüm olan 2005/06-da da o, 8 dəfə fərqlənmişdi. Həmin vaxt Aleksey “İliçevets”də 8 qola imza atmışdı.
40-cı heç-heçə
“İnter”lə heç-heçə “Qəbələ”nin ev oyunlarındakı 40-cı bərabərliyidir. Bunların 33-cü Premyer Liqa, 7-si kuboka təsadüf edib. “Qırmızı-qaralar”ın indiyədək öz meydanında keçirdiyi 173 oyunda 85 qələbə və 48 məğlubiyyəti də var. Bu qarşılaşmalarda top fərqi 246-127-dir.
Santos 50-yə çatdı
“İnter”lə oyun Rafael Santosun “Qəbələ”də 50-ci oyunu olub. “Qırmızı-qaralar”ın heyətində 2-ci mövsümünü keçirən müdafiəçi 42 çempionat, 6 kubok və 2 avrokubok qarşılaşmasının iştirakçısı olub. Özünün debüt – 2013/14 mövsümündə 15 Premyer Liqa və 3 kubok matçında forma geyən cənubi amerikalı cari mövsümdə 3 turnirin iştirakçısı olub. Avropa Liqasının 2 qarşılaşmasından sonra cənubi amerikalı 27 çempionat və 3 kubok oyununda çıxış edib. Rafael “Qəbələ”də 50 və daha çox oyun keçirən 27-ci futbolçudur.