Azərbaycan taekvondoçusu Radik İsayev dünya çempionu olub. SportArena.az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiyanın Çelyabinsk şəhərində keçirilən mundialda qızıl medala sahib çıxıb.
Belə ki, yarışların altıncı günü tatamiyə çıxan İsayev öncə Banqladeş idmançısı İmyaiz İbne Alini 19:0, ikinci görüşündə Çin Taypeyi təmsilçisi Çanq Kaini üstələyib – 13:3. 1/4 finalda fransalı M’Bar N’Diaye ilə üz-üzə gələn təmsilçimiz ötən il Bakıda keçirilən Avropa çempionatının finalında məğlub etdiyi rəqibdən güclü olduğunu növbəti dəfə sübut edib (8:2). Yarımfinalda taekvondoçumuz 2013-cü ildə Meksikada baş tutan dünya çempionatının qalibi Rafael Kastillo (Kuba) ilə döyüşüb. Hazırda yaxşı formada olan İsayev mərkəzi amerikalını da məğlub edərək (7:6) finala yüksəlib. Qızıl medal uğrunda döyüşdə isə o, özbəkistanlı Cəsur Baykuziyevdən güclü olub. 140 ölkədən 875 idmançının mübarizə apardığı mundiala bu gün yekun vurulacaq. Komandamız vətənə sabah qayıdacaq. Qeyd edək ki, İsayevədək Azərbaycanın yeganə medalı Niyaməddin Paşayevin aktivində idi. O, Cənubi Koreyada keçirilən mundialda 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Radikin final döyüşünün videoyazısını sizə təqdim edirik: