Saxta diplom paylayan universitetlər haqqında yəqin ki, çox eşitmisiniz. TQDK-nın keçirdiyi qəbul imtahanlarında iştirak edib kəsilən və qanuni yolla tələbə adını qazana bilməyən abituriyentləri pulla öz universitetlərinə götürürlər və 4 ildən sonra da həmin tələbəyə saxta diplom verirlər ki, bəs, universiteti qurtardın. Sonra da Təhsil Nazirliyi həmin diplomum saxta olduğunu açıqlayır və tanımır. Belə olan halda həmin diplomu verən də, onu alan da birbaşa məsuliyyətə cəlb olunur.
Yazıya niyə bu cür başladım? Çünki futbolumuzun bu günü ilə birbaşa bağlılığı var. Bizim AFFA da klublara saxta "diplom", yəni lisenziya verməklə məşğuldur. Universitetə qəbul olunmağın öz şərtləri olduğu kimi, futbol üzrə Azərbaycan Premyer Liqasında oynamağın da öz şərtləri, tələbləri var. İlk növbədə klubun sponsoru olmalıdır. Hansı ki, klubu saxlamağa yetəcək qədər vəsaiti var. İkincisi, həmin sponsor AFFA-ya bank təminatı verməlidir kli, bəs, mən filan qədər pulu qoymuşam banka, bu da qəbzi, çeki-filan. Yəni, sabah bir az əlim aşağı olsa, biznesimdə eniş yaşansa, həmin bankdakı pulun hesabına futbolçuların maaşları veriləcək. Üçüncü, aşağı yaş qruplarından ibarət komandaların və ən əsası stadionun, bazan olmalıdır. Bunun ardınca dördüncü, beşinci və s. Tələblər gəlir ki, onları da sadalasam, yazdığım köşə yox, böyük yazı olacaq.
Ötən həftə AFFA I Diviziondan iki kluba lisenziya verib Premyer Liqaya buraxdı. Bunlar "Zirə" və "Kəpəz"di. Öncə ondan başlayım ki, qeyri-şərtsiz qanunsuzluqdur. Bütün dünyada I Diviziondan elitaya keçid bir yolla tənzimlənir: ilk 2 yaxud, ilk 3 yeri tutan komandalar elitaya buraxılır. Bizdə hələ çempionat gedir. "Neftçala" çempionluğu təmin etsə də, ikinci pillənin sahibi məlum deyil. AFFA-nın lisenziya verdiyi "Zirə" 5-ci, "Kəpəz" isə 10-cu yerədir. Birinci qanunsuzluq buradan başlayır. Çempionat qurtarar bundan sonra 1-ci, 2-ci sonradan qanuna görə sonrakı yerlərin sahiblərinin lisenziyanın şərtlərinə əməl edib-etmədiyi öyrənilər və qərar verilər. Bu işin bu sistemlə qurulması çox anormaldı.
Deyək ki, lisenziyalar erkən verilir. "Zirə"nin də güclü sponsorları var və ona lisenziya verildi. Bəs, "Kəpəz"? Klubun prezidenti Mehman Allahverdiyev açıqlama verir ki, ümid edirəm tezliklə sponsor məsələsi də həll olunacaq. Demək, bu komandanın hələ sponsoru yoxdur. Sponsoru yoxdursa, avtomatik olaraq bank təminatı da yoxdur. Amma bütün bunlara baxmayaraq lisenziya alıb. Adama sual verərlər, sponsoru olmayan komandaya hansı əsasla lisenizya verilib? AFFA-nın baş katibi Elxan Məmmədov bir vaxtlar deyirdi ki, "Rəvan" köhnə formalarla oynayır, onların Premyer Liqada nə işi var? Cənab Məmmədov, "Kəpəz"də futbolçusuna verməyə yeməyi də yoxdur, bəs onun Premyer Liqada nə işi var? "Neftçala" deyək ki, öz klubunuzdu və onu istədiyiniz tərəfə fırladırsınız. Bəs, "Rəvan"ın haqqını niyə yeyirsiniz? Bu komanda hazırda 2-ci pillədə qərarlaşıb. Ən azı stadionu, normal bazası var. I Divizionda oynaya-oynaya özünə baza tikmək hər klubun işi deyil. Bu cür klublara, bu cür klub saxlayan şəxslərə dəstək olmaqdan onların belini niyə qırırsınız? Öz aləminizdə guya Gəncəyə futbol qaytardınız? Xeyr, əksinə, Gəncə futbolunu da "işğal" etdiniz. Digərlərinin haqqını tapdalaya-tapdalaya, qanunlara, əsasnaməyə tüpürə-tüpürə. Bizim AFFA ilə qanunsuz diplom verən universitetlər arasında heç bir fərq yoxdur. Onlar saxta diplom paylayır, AFFA-da saxta lisenziya. Konkret desək, AFFA Azərbaycan futbolunun saxta diplom paylayan universitetidir!
Anar XANLAROV
“Het-trik news” qəzeti