Rizvan Fərzəliyev: "Ən yaxşı futzalçı adını Ramizə verərdim"

15:59 18 May 2015

Futzal üzrə Azərbaycan çempionatında 2014/15-ci illər mövsümü başa çatdı. 6 komandanın iştirak etdiyi birincilikdə “Xəzər adalar"ı çempion oldu, “Fənərbaxça" 2-ci yerə sahib çıxdı. Son 10 ildə çempionluğu əldən verməyən “Araz Naxçıvan" bürünc medallarla kifayətləndi. “Araz Naxçıvan"ın və yığmamızın kapitanı Rizvan Fərzəliyev isə mövsümün ən yaxşı futzalçısı seçildi. Mövsümün yekunları, çempionatın səviyyəsi, gənc futzalçıların vəziyyəti, yığmanın Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunları ərəfəsindəki durumu və başqa suallarla təcrübəli futzalçıya müraciət etdik.

 

- Rizvan, “Araz Naxçıvan"ın 3-cü yeri tutması münasibətilə səni təbrik etmək olar, yoxsa “keçmiş olsun" deyim?

- “Araz Naxçıvan" yarandığı vaxtdan bu günə kimi həmişə çempionluq uğrunda mübarizə aparıb. 10 ildir ki, komanda çempion olurdu. Bundan başqa Azərbaycanın ən güclü klublarından biri kimi ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil etməyə çalışıb, 2 dəfə Çempionlar Liqasında 3-cü yeri tutub. Bu mövsüm isə komanda bürünc medallarla kifayətlənməli oldu. Əlbəttə, sadalanan uğurlara görə komandamızın bu il 3-cü yerlə kifaətlənməsini uğur kimi göstərmək düzgün olmaz. Bu mənada “keçmiş olsun" söyləmək yerinə düşər. Amma bunun da müəyyən səbəbləri var. Bu il komanda əsasən yerli futzalçılara güvəndi. Əsasən də çempionatın ilk yarısında. Doğrudur, ikinci yarıda heyət legionerlərlə bir qədər gücləndirildi. Amma görünür, bu çempion olmaq üçün bəs etmədi. Məhz əsasən yerli futzalçılarla çıxışımızı nəzərə alsaq, “"Araz Naxçıvan"a yad olsa da, 3-cü yeri tutmağımızı normal qarşılamaq və bürünc medalları da uğur hesab etmək lazımdır. İnanıram ki, indiki gənc futzalçılar tədricən daha da püxtələşəcəklər və gələn mövsümdən etibarən çempionluq uğrunda mübarizə aparacaq gücdə olacaqlar. Bu mənada məni təbrik edə bilərsiniz.

- Birincilikdə cəmi 6 komandanın iştirak etməsini nəzərə alsaq, təcrübəli futzalçı kimi cari çempionatın səviyyəsi səni qane etdimi?

- Əvvəlki illərlə müqayisədə bu ilki birincilik daha maraqlı keçdi. Çünki, çempionatın səviyyəsi yüksək idi. Doğrudur, komandaların sayı azdır. Əsas odur ki, rəqiblər bir-birinə layiqdirlər, hansısa oyundan əvvəl hansı komandanın qalib gələcəyini əminliklə söyləmək olmurdu.

- “Qarabağ veteranları"nın da?

Göstəricilərə nəzər salsaq, 6 komandanın 5-i mübarizə aparırdı, “Qarabağ veteranları" isə sadəcə iştirak edirdi...

- “Qarabağ veteranları" necə ildir ki, çempionatda iştirak edir. Və zəif nəticə göstərir. Bu suala həmin komandanın rəhbərliyi cavab versə, daha yaxşı olar. Hazırda komandada ancaq yerli futzalçılar çıxış edirlər. Onların arasında yığma səviyyəsində oynayanı yoxdur. Fikrimcə, klub rəhbərliyi bir qədər maliyyə və diqqət ayırsalar, “Qarabağ veteranları" da medallar uğrunda mübarizə apara bilər.

- Səncə 6 komandalı çemponatla Avropa ilə ayaqlaşa bilirikmi?

- Əlbəttə, ayaqlaşırıq. Futzalda göstərdiyimiz nəticələr göz önündədir. Yığma və klub reytinqində Azərbaycanın adı ilk “onluq”dadır. Çempionatın reytinqinə gəlincə, ortabablardan hesab edilirik. Bu il “Fənərbaxça" və “Xəzər adaları"nın heyətini daha çox legionerlərlə gücləndirməsi səviyyənin artmasına müsbət mənada təsir göstərdi. Fikrimcə, gələn mövsüm daha maraqlı mübarizənin şahidi olacağıq. Bir məqama da toxunmaq istəyirəm. Hesab edək ki, çempionatda 10-15 komanda iştirak edir. Amma cəmi 5-6 komanda iddialıdır. Qalanları iştirak xətrinə iştirak edirlər. Təbii ki, bu halda çempionatın səviyyəsi aşağı düşəcək. Bu da istər-istəməz Avropa səhnəsində çıxış edəcək komandanın oyununa təsirsiz ötüşməyəcək. Bu il liqada ölkəmizi çempion kimi “Xəzər adaları" təmsil edəcək. Biri var onlar “Qarabağ veteranları" ilə oyunla Çempionlar Liqasına hazırlaşasan, biri də var “Fənərbaxça" və ya “Araz Naxçıvan"la. Hansı daha yaxşıdır? Yəni, əsas kəmiyyət yox, keyfiyyət olmalıdır.

- Bayaq bu mövsüm “Araz Naxçıvan"ın əsasən gənc yerli futbolçulara üstünlük verdiyini söylədin. Bu, malliyə çatışmazlığından irəli gəllirdi, yoxsa, klub strategiyasını dəyişmişdi?

- Bunu sırf maliiyə problemi ilə bağlamazdım. Strategiyamız belə idi. Məqsəd yerli futzalçılara şans verməklə futzalda inkişafa nail olmaq, yeni-yeni futzalçıların “artırmasına” şərait yaratmaq, gənc nəslin yetişməsinə xidmət göstərmək idi. Fikrimcə, bu, düzgün və bir qədər gecikərək atılmış addım idi. Bir faktı qeyd edim - ilk dövrədə güclü legionerlərdən təşkil olunmuş “Xəzər adaları" ilə oyunda “Araz Naxçıvan" rəqiblə başabaş mübarizə apardı. Həmin vaxt komandada ancaq yerli futzalçılar çıxış edirdi. Cəmi 1 top fərqi ilə məğlub olduq. Amma uşaqların sərgilədiyi oyun hamıda fəxarət hissi oyatdı. Deməli, futzalda yeni nəsil yetişir və onlar gələcəkdə Azərbaycan adına çox işlər görə bilərlər. Doğrudur, hazırda elə futzalçıların sayı azdır. Hər bir klub “Araz Naxçıvan" kimi gənc futzalçıların inkişafına və özlərini göstərmələrinə imkan yaratsa, gələcək haqqında nigaran qalmarıq.

- “Araz Naxçıvan"dakı hansı gəncləri sabah Rizvan Fərzəliyevin, Rəcəb Fərəczadənin, Vitali Borisovun, Elnur Zamanovun davamçısı kimi görə bilərik?

- Kim özünü doğruldacaqsa, özərində daim çalışacaqsa, həmin futzalçı sabah yığmada özünə yer edəcək. Hazırki futzalçılardan İsa Atayevin, Ramiz Covdarovun adını çəkə bilərəm. Digər klublarda da istedadlı gənclər var ki, mütəmadi olaraq yığmaya dəvət alırlar. Hər şey gənclərin özündən asılıdır. Düşünürəm ki, bir neçə ildən sonra yığma əsasən yerli futzalçılardan təşkil olunacaq. Legionerlərdən də tamamilə imtina etmək düzgün deyil. Çempionatda səviyyəli legionerlərin çoxluğu da futzalın və futzalçıların inkişafına təkan verir.

- Kubok uğrunda yarımfinal oyununda “Fənərbaxça"ya məğlub oldunuz.

- Çempionluq kimi kubokun da önəmi böyükdür, tarix yazılır. “Fənər" ilə sona qədər mübarizə apardıq. Təəssüf ki, 4:7 hesabı ilə məğlub olduq. Rəqib güclü komanda idi. Həm də heyətlə bağlı problemlərimiz var idi.

- Bir qədər yığma haqqında danışaq. Yaxınlarda yığma Moldovada təlim-məşq toplanışı keçdi...

- Planımızda Moldova səfəri yox idi. Təklif gəldi, rəhbərlik imtina etmədi. Həmin toplanışda bütünlüklə yerli futzalçılar iştirak edirdilər. Bu da gənclərin təcrübələrini artırması baxımından vacib idi. Ümumiyyətlə, yoxlama oyunları nə qədər çox olsa, bir o qədər yaxşıdır. Kubok oyunlarından sonra komandalar istirahət edəcəklər və ondan sonra təlim-məşq toplanışı və yoxlama oyunları keçirmək yığma üçün daha faydalı olar. Bildiyiniz kimi, yığmamız sentyabrda Avropa çempionatına vəsiqə verən pey-off qarşılaşmalarında iştirak edəcək. Rəqib iyun ayında məlum olacaq. Həmin oyunlar ərəfəsində yəqin ki, rəhbərlik təlim-məşq toplanışı və yoxlama oyunları təşkil edəcək.

- Yeri gəlmişkən, söz verə bilərsən ki, yığmamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq?

- Söz vermək bir qədər düzgün cıxmaz. Futbolda olduğu kimi futzalda da heç nəyi əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Əlimizdən gələni edəcəyik ki, pley-off mərhələsini adlayaq. Bunu kim istəmir ki? Əslində, bunu Bakıda keçirilən turnirdə etməyi düşünürdük. Təəssüf ki, Ukrayna ilə həlledici oyunda məğlub olduq. Pley-offda hansı yığma ilə qarşılaşacağımız məlum deyil. Amma kimliyindən asılı olmayaraq məqsədimin dəyişməzdir.

- Pley-off oyunları ərəfəsində 36 yaşın tamam olacaq. Yorğunluq hiss etmirsən ki?

- Əsla. 10-12 il əvvəl necə var idimsə, indi də eləyəm. Hətta deyərdim ki, xeyli təcrübə qazanmışam.

- Əvvəlki sualı elə-belə vermədim. Bu mövsüm çempionatın ən yaxşı futzalçısı seçildin. Özünü buna layiq hesab edirdin?

- Düzü, bunu gözləmirdim. Çünki çempionatda yaxşı oyun sərgiləyən yerli və əcnəbi futzalçılar çoxdur. Sadəcə üzərimə düşən vəzifəni yerinə yetirəm. Ən yaxşı futbolçu seçilməyimlə bağlı başqa onu deyə bilərəm ki, federasiya rəhbərliyi və klub məşqçilərinin fikrincə bu ad mənə qismət oldu. Deməli, klub və yığma səviyyəsində oyunum və fiziki durumum xoşlarına gəlib. Onların seçiminə qarşı çıxa bilmərəm (gülür). Xahiş edirəm, son fikrimi zarafat kimi qəbul edin. İndiyə kimi 3 dəfə bu ada layiq görülmüşəm. Bu yaşda ən yaxşı olmağın dadı başqadır.

- Mükafat-filan verdilər?

- Mükafat deyəndə, kubok verdilər. Əsas addır. Bu, bir tərəfdən məni sevindirir, digər tərəfdən isə məsuliyyətimi artırır. Deməli, daha çox çalışmalı, adın mənə boş yerə verilmədiyini sübut etməliyəm.

- İxtiyarın olsaydı, ən yaxşı futzalçı adını kimə verərdin?

- Yerlilərdən komanda yoldaşım Ramiz Çovdarovun, legionerlərdən isə “Fənərbaxça"dan Nasora, “Xəzər adaları"ndan Amadeo və Sezarın adını çəkmək istəyirəm. Əcnəbilərin hər üçü braziliyalıdır və səviyyələrinə söz ola bilməz. Ramiz isə gənc olmasına baxmayaraq istedadlı futzalçıdır. Bu mövsüm vacib oyunlarda özünü yaxşı tərəfdən göstərə bildi. Mənə qalsa, ən yaxşı futzalçı adını Ramizə verərdim.

 İlqar TAĞIYEV

“Het-trik news” qəzeti

 

P.S. Həftəarası futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunları keçirildi. “Araz Naxçıvan" “Fənərbaxça"ya, çempion “Xəzər adaları" isə “Neftçi"yə məğlub oldu. Söhbət hansısa komandanın uduzmasından getmir. Məsələ burasındadır ki, “Araz Naxçıvan" oyun ərzində cəmi 6-7 futbolçunun xidmətindən yararlana bildi ki, onların da hamısı yerlilər idi. Komandanın legioner futbolçuları çempionat başa çatan kimi vətənlərinə dönmüşdülər. Yəqin ki, bu da klub rəhbərliyinin kuboka önəm verməməsindən irəli gəlirdi. “Xəzər adaları"na gəlincə, klubda maliyyə probleminin və klubun sahibi İbrahim Nehrəmlinin adı ətrafında gəzən söz-söhbətlərin doğru olub-olmamasını dəqiqliyi ilə deyə bilmərik. Klub rəsmiləri baş verənləri təkzib etsələr də, sadalanları, oyundan əvvəl qələbəyə görə “premiya" qoyulmamasını və futzalçıların maaşlarının gecikdirilməsini nəzərə alsaq, məğlubiyyətə başqa şərh verməyə ehtiyac yoxdur.

P.P.S. Futzal üzrə çempionat başa çatdıqdan sonra Futzal Federasiyası qaliblərin mükafatlandırılması mərasimini təşkil etdi. Təəssüf ki,  mərasim səviyyəsizliyi ilə yadda qaldı. Bu, hətta AFFA-nın U-12 liqasının qaliblərinin və uşaqlar arasında keçirilən hansısa sıradan turnirin təltifetmə mərasimindən də qat-qat səviyyəsiz idi. Çempiona verilən kubokda və medallarda kimin üçün nəzərdə tutulan yazının olmaması və üzərindəki cızıqlar, diplomların adi A4 format kağızda hazırlanması və s. və i. bunu deməyə əsas verir. 


Digər xəbərlər

Xəbər xətti