YAZI “Bakı"nın dərdi var, “Bakı" nəfsdədir

16:04 18 May 2015

Bu da belə. AFFA-nın qərarı ilə daha bir ölkə klubu tarixin yaddaşına çökdü. Bəlkə də köçdü. Nə fərqi var. Fellər müxtəlif olsa da, nəticə eynidir. Lap riyazi dildə desək, toplananların yerini dəyişdikdə cəmin dəyişmədiyi kimi. Fakt faktlığında qalır ki, gələn ildən etibarən ölkənin ən ali futbol yarışında “Bakı" klubu olmayacaq. Bununla AFFA-nın qərarını qanunsuz hesab etmirəm. 100 faiz əminəm ki, qurum öz müəyyən nizamnaməsinə uyğun addım atıb və əlində sənəd, bənd göstərib. Amma müəyyən nəsnələrdən də sizi xəbərdar etmək istəyirəm.

Hadisə 1. Yarandığı ilk illərdə Yevlaxın “Karvan" klubunun futbolçularının guya sudak balığından kütləvi “qarınağrısı"na düşməsi. Yəqin unudulmayıb. Oyunun təxirə salınması üçün AFFA-nın həkim ekspertləri bir müddət Yevlax klubunun bazasında, bağlı (bəlkə də yağlı) qapı arxasında, gözdən uzaq şəraitdə futbolçuları “texosmotr"dan keçirdilər. Halbuki həmin günlərdə qarnına ağrı düşən futbolçulardan biri “McDonalds"da ailəsi ilə şam da etmişdi. AFFA-nın bu məsələdə qərarı necə oldu, hamı gözəl bilir.

Hadisə 2. Ölkə kubokunun başıbəlalı MKT “Araz" - “Xəzər Lənkəran" oyunu. Xatırladınız? Hər ehtimala qarşı yada salım. Bir neçə il əvvəl, hələ MKT “Araz"ın “rəhmətə" getmədiyi vaxtlar Azərbaycan Kubokunun 1/8 finalının cavab qarşılaşmasında protokolda adı göstərilməyən oyunçunun meydana çıxması. Həmin vaxt İmişli klubunun futbolçusu Yevgeni Şimanın adı oyunun protokoluna yerli futbolçu kimi salınmışdı. İmişlidəki ilk oyunda heç bir qanun pozuntusu olmamışdı və oyun qolsuz bərabərliklə başa çatmışdı. Lənkərandakı cavab qarşılaşmasında isə indicə göstərdiyim kimi Şiman legioner yox, yerli futbolçu kimi oynamışdı. Doğrudur, Yevgeni o vaxt Azərbaycan pasportu daşıyırdı. Başqa sözlə, milliləşdirilmişdi. Hansı yolla və necəsi məlum məsələdi. “Xəzər Lənkəran" klubu zirək tərpənərək Şimanın sənədlərinin qaydasında olmadığını sübut etmışdi. Yekunda nə oldu? Oyun yenidən keçirildi (!). Halbuki bütün qəbul olunmuş qaydalara görə MKT “Araz"a 0:3 hesablı texniki məğlubiyyət verilməklə komanda yarışlardan kənarlaşdırılmalı idi. Yeri gəlmişkən, təkrar keçirilən cavab qarşılaşması Lənkərana deyil, neytral meydana təyin olunmuşdu (Lənkəranlılar 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanmışdılar - A.B.). Bu da anormal qərarlardan biri.

Hadisə 3. Elnur Allahverdiyev məsələsi. Heç bir qaydalara əsaslanmayaraq futbolçunun “Qəbələ" klubunda peyda olması. Özü də mövsümün zıppıltı vaxtında. Bu da ancaq AFFA çərçivəsində baş verə bilərdi.

Sadaladığım hallar ancaq ani yadıma düşənlər, ortada olanlar, yəni mətbuata sızanlardır. Əminəm ki, bizim bilmədiyimiz, biləmədiyimiz hələ neçə belə absurdvari və absurdabənzər fakt var.

Ataların yaxşı məsəli var - üstünü unlu görüb adını dəyirmançı qoymaq. Bax, indi vəziyyət düz onun kimidi. Sadaladığım 3 məsələ hamısı imkanlı klubların işi idi və “düzələr" düyməsi vaxtında basılmışdı. “Bakı"nın da son çempionluğu ilində belə bir “ÇePe"si aradan qaldırılmışdı. Batistanın hakim yardımçısının üzünə tüpürməsi cəzasını Apelyasiya Komitəsi azaltmışdı. O vaxt “Bakı"nın prezidenti Hafiz Məmmədovun AFFA-da sözü keçirdi. Lap “Evləri köndələn yar" televiziya tamaşasında olduğu kimi: - Bəli, Şakir Şəkəroviç! Buyurun, Şakir Şəkəroviç! Əlbəttə, Şakir Şəkəroviç... Bəs indi? İmkanı tükənib deyə dütdülü? Yəni bağda ərik var idi, salaməleyk var idi? Yoxsa, “Ulduz" filmində “Vücud" Məmmədsadıq Nuriyevin kolxoz sədri Qədirə şəstlə “Qızına elçi gedəndə Əlişə atam deyirdin" söyləməsini unutmusunuz?

Bu həmin Hafiz Məmmədovdur ki, yığmanın başsız vaxtında Coko Hacıyevskini milliyə transfer etmişdi. Və bildirmişdi ki, lazım olsa hətta onunla müqaviləni pozub, maaşını özü də ödəyər. Bəs, Portuqaliya millisinin məşqi üçün bazasının qapılarını ürəyindən də geniş açmış adamın əməyini yerə vurmağa necə əliniz gəldi? Bəs nə oldu? O vaxtın belə jestini nə tez unutdunuz? Yəni onun əvvəlki xidmətlərinə görə siz də bir “ayı xidməti" göstərib bir nəcis qaynada bilməzdiniz? Axı, bu da ölkə futbol tarixinin bir parçasıdır. Subyektiv rəyimə arxalanaraq deyirəm ki, “Zirə" kimi klubların ölkə futboluna xeyri dəyməyəcək. Heç olmasa, bir vaxtlar ölkə iqtisadiyyatında bank sistemində olduğu kimi burada da klubların bir neçəsinin birləşdirilməsini təşkil edəydiniz. Olmazdı? Axı, “Bakı" bazasına görə ölkədə birincilərdəndir. Yoxsa ... Aaaaa ... Bəlkə də ...

Bu arada yadıma bir əhvalat düşdü. Onu məktəbdə oxuyarkən rəhmətlik ədəbiyyat müəllimimiz, satirik Rüfət Əhmədzadənin bacısı, az-maz qələm tutmağımda BÖYÜK pay sahibi olmuş Ramizə İsmayılova danışmışdı. Deməli, bir avam kəndlinin iti qocalıb heydən düşür. O qədər heydən düşür ki, heç ölə də bilmir. Oğrular da bundan istifadə edib hər gün evi qarət edirlər. Axırda qonum-qonşu bu kəndliyə deyir ki, get molla yanına və itinə dua yazdır. Kəndli də fikirləşir ki, molla yanına gedənəmsə, elə Mollanın yanına gedərəm də. Yəni Molla Pənah Vaqifin. Nə başınızı ağradım, olub-qalan qoyunundan da birini kəsib qoyur yerə, şaqqalayır, yarısını aparır Vaqifə ki, bəs hal-qəziyyə belədi. Şair bir kişiyə baxır, bir ətə, “yaxşı" deyibən qələmini mürəkəbləyir. Duanı “hazır" edib kəndliyə tapşırır ki, aparıb itin yuvasının dibində basdırsın. Kəndli də ətin halallığını verib, itin duasını vaqifsayağı həyata keçirir. Amma çifayda. İt elə olduğu vəziyyətdə qalır. Kəndli qəzəblənib duanı basdırdığı yerdən çıxarır və aparır mollaxanaya ki, bəs bunu Vaqif yazıb. Mollalar da yazını oxuyub kəndliyə heç nə demirlər. Bildirirlər ki, dua düz yazılıb. Problem sənin itindədir. Sən demə, Vaqifin duasının məzmunu belə imiş:

Gözüm düşdü ətinə,

Dua yazdım itinə.

Kim ki, bu sirri açsa,

Nanay-ninay naynanay

Həəə, bax belə. Heç, birdən yadıma düşdü bu hadisə. Molla Pənah Vaqifin “ətinə", “itinə" sözlərinə bu kontekstdə dördüncü misrada hansı qafiyə “dürtüşdürdüyünü" 15-16 yaşlı şagirdlər anlayaraq sinifdə qəşş eləyirlərsə ... Lənət sənə kor şeytan...

Və ya başqa məsələ. Hafiz müəllimi görmək üçün “Baghlan Group"u günlərlə əhatəyə alan, “Delfin hotel"in darvazasında növbəyə duran, AFFA İcraiyyə Komitəsinin İclasına hətta gündəlikdəki məsələlərin məzmununa varmadan Hafiz Məmmədovun orada olduğuna görə gedən, müsahibə almaq üçün, daha doğrusu həm də müsahibə almaq üçün ona yaxınlaşan, klubun səfərləri üçün xarici pasportları klub rəhbərliyinə ötürən jurnalistlər, siz bəs hardasınız? Bunların hamısı gözlərimin qarşısında baş verib axı. Kişinin maddi durumunun pisləşməsindən sonra o tərəflərə var-gəl etmədiniz, çayını içmədiniz, ona mənəvi dəstək olmadınız.. Bəs mən nə edim? 9 ay orda işləmiş, özünə aid olmayan məsələyə görə işdən çıxarılmış sıravi işçi. Onda mən “əcəb oldu"ları bir-birinə calayım? Allahsızlıq etməyin, müxbir(ə)lər.

Cabir Novruzun yaxşı sözü var: - Sağlığında qiymət verin insanlara. Mən Hafiz müəllimin maddi sağalmasını çox istərdim. Sağalıb komandanı dirçəltsin və möhtəşəm dönsün. Görək onda qərar çıxaranlar nə deyəcəklər? Utanıb yerə girəcəklərmi? Yenə deyirəm, qanun qanundur. Lap “qara polkovnik" Fətulla Hüseynov demişkən, istəyirsinizsə, filan qayda pozuntusuna görə futbolçunun başını kəsim. Problem yoxdur. Amma bunu əsasnamədə əks etdirin. “Bakı"ya qarşı bu addımı qeyri-qanuni yox, namərdlik saymaq olar. Pul hesabına əsasnamədəkiləri və səsi dəyişmək olur. Pul yoxdursa, dəyişiklik də yoxdur.

Cabir Novruzun başqa beyti yadıma düşdü:

Çörəyi dizinin üstündə olan,

Vicdanı çallardan

ümid gözləmə.

Allahdan qorxun deyirlər. Başa düşmürəm, axı niyə? Mən Allahımdan qorxmamışam. Heç vaxt. Sadəcə Ona inanmışam. Siz də Ona inanın, çünki O var. Qorxuya gəlincə, Ondan yox, Onun qəzəbindən qorxun...

Asif BAĞIROV

“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti