AFFA-nın “pambıq planı" VƏ YA 8 MƏRTƏBƏLİ YALAN

16:07 18 May 2015

Futbolumuz kimə görəsə inkişaf edir, kimə görəsə yox. Məsələn, mənə görə futbolumuz ildən-ilə geri gedir və hansısa inkişafdan söhbət gedə bilməz. Amma Rövnəq Abdullayevə, Elxan Məmmədova görə əksinə, futbolumuz işıq sürəti ilə inkişaf edir. Bununla bağlı onların öz arqumentləri var. Mənim də əks fikir söyləmək üçün öz arqumentlərim. Kimin haqlı, kimin haqsız olduğunun göstəricisi isə çempionatımızın səviyyəsi, yığma komandalarımızın beynəlxalq aləmdə göstərdiyi nəticələrdir. Çempionatımızın səviyyəsi ortadadır. Premyer Liqada 9 komanda çıxış edir ki, onun da yarıdan çoxu paytaxtda məskunlaşıb. Hər il bir komanda iddiasından əl çəkir, hər mövsüm bir komanda tarixin yaddaşına köçür. Çempionatda heç bir rəqabət yoxdur, çempion və avrokubokda oynayacaq komandaların hamısının da adı sona 5 tur qalmış məlumdur. Hətta futbol başbilənlərimiz, o cümlədən Elxan Məmmədov, Ramin Musayev də etiraf ediblər ki, bu mövsüm çempionatın səviyyəsi xeyli aşağı düşüb. Deməli, heç kim mənim və mənim kimi düşünən insanları qərəzli olmaqda ittiham edə bilməz. Çünki dediklərimiz real göstəriciləri özündə əks etdirir. Yığmanın nəticələri də göz önündədir. Berti Foqtsun 5 il ərzində bizi nə qədər geri saldığını hamı gördü. Mətbuat və azarkeşlər illər boyu dedi, AFFA qulaqardına vurdu. Nəhayət, 5 ildən sonra onlar da səhv yolda olduqlarını anlayıb qoca almanı yola saldılar. Amma 5 ildə bizə dəyən maddi və mənəvi zərəri heç kim ödəmədi və ödəməyəcək də. Deməli, mətbuatdakı tənqidlər haqlı idi.

Ölkə xaricində legioner həyatı yaşamağa qadir normal futbolçunun olmaması da hər hansı inkişafdan danışmağın yersiz olduğunu göstərir. İnkişaf olsaydı, futbolçu yetişərdi. Futbolçu yetişsəydi, ölkə xaricində oynayardı. Xaricdə oynasaydı, bunun müsbət nəticələrini yığmanın da timsalında görərdik. Bu gün bunların heç biri yoxdursa, deməli, nə yetişən var, nə xaricə gedən, nə də yığmaya fayda verən. Bunları sadəcə, giriş olaraq qeyd etdim. Detallara indi toxunacam.

 

Biri tikilir, beşi sökülür

2005-ci ildə Azərbaycanda futbolun inkişafına dair 10 illik dövlət proqramı qəbul olundu. Həmin proqramda göstərilənlərə əməl olunsaydı, 2015-ci ildə futbolda nəzərəçarpacaq inkişafa nail olmalıydıq. Bu gün nəinki nəzərəçarpacaq, ümumiyyətlə, heç bir inkişaf yoxdursa, deməli həmin proqramın müddəalarına da əməl olunmayıb, dövlətin ayırdığı vəsait havaya sovrulub.

Öncə infrastrukturdan başlayaq. Bəli, bu 10 ildə “Dalğa Arena", “Bakcell Arena", “Bayıl Arena", “Kapital Bank Arena" tikildi, Ağsu, Tovuz stadionu təmir olundu, amma... “Bakcell Arena"nı çıxmaq şərti ilə tikilən digər stadionların hamısı süni örtüklüdür ki, bu da futbolun inkişafına xidmət eləmir, futbolu məhv edir. Əgər bu stadionlar təbii örtüklü olsaydı, AFFA rəhbərliyini ikiəlli alqışlayardım. Təəssüf ki, belə deyil. Nə qədər gənc futbolçu zəhər saçan rezin meydançalarda sağlamlıqlarını məhv edib və etməkdədir. 14-15 yaşlı uşaqların 90 faizinin dizində “menisk", belində “qrıja" var. Buna rəvac verən insanları necə dəstəkləyə bilərəm? Bu 10 ildə Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmir olundu və yeni Olimpiya Stadionu tikildi ki, bunları da AFFA yox, dövlət elədi. AFFA-nın layihəsi əsasında tikilənlərin hamısı süni örtüklüdür. Hələ biz su qiymətinə “İnter"ə satılan və sonradan süni edilən “Şəfa"nı demirik.

Əgər AFFA rəhbərliyi “sünilər"i inkişaf sayırsa, qoy olsun. Bəs dağılaraq məhv olan stadionları kimin üstünə yazaq? Sumqayıt, Gəncə, Mingəçevir, Qusar, İmişli, Yevlax, Masallı, Şəmkir və digər rayon və şəhərlərdə stadionlar dağılaraq yararsız hala düşüb. Bir süni stadion tikib beş təbii stadion itirmək nə vaxtdan inkişaf olub?

2005-ci ildə dövlət proqramı qəbul olunanda elitada 18 komanda var idi. 2015-ci ildə isə cəmi 9 komanda mübariə aparır ki, bunların da yarısı aylardı futbolçularına maaş vermir, bəziləri dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

 

“Pambıq planı"

Yəqin ki, yaşlı və orta nəslin nümayəndələri SSRİ dövründəki pambıq planını gözəl xatırlayırlar. Xəbəri olmayanlara xatırladım ki, bu tip planlar daha çox keyfiyyətə yox, kəmiyyətə hesablanırdı. Məsələn, ilin əvvəllində qərar qəbul edirdilər ki, ilin sonuna qədər misal üçün 1000 ton pambıq yığılacaq. Halbuki bu, fiziki cəhətdən mümkün deyildi. Maksimum 600-700 ton yığmaq olardı. Amma ilin əvvəllində 1000 ton yazıb “yuxarı" göndərirdilər ki, ad olsun ki, öhdəlik götürmüşük. Yəqin ki, “Böyük dayaq" filmində səslənən bir fikri yaxşı xatırlayırsınız - “rəhmətliyin oğlu, sən yaz göndər yuxarı, payızda plan dolmaz, bir şey fikirləşib deyərik". İndi deyəcəksiniz ki, pambıq söhbətinin futbola nə dəxli. Dəxli var qardaşlar, dəxli var. Bizim AFFA rəhbərliyinin inkişaf “metodu"da həmin “pambıq planı" ilə eynidir. Sözümün canı var. Bir müddət əvvəl AFFA-nın rəsmi saytında belə bir xəbər bəh-bəhlə ictimaiyyətə çatdırıldı ki, Azərbaycanda futbolla məşğul olan və AFFA-da rəsmi qeydiyatda olan futbolçuların sayı 8000-ə çatdı. Təxminən 7-8 ay bundan qabaq AFFA-nın baş katibi Elxan Məmmədov bu rəqəmin 7500 olduğunu açıqlamışdı. O da dəqiq yadımdadır ki, 5-6 il bundan əvvəl də Məmmədov “Xəzər" TV-ə açıqlamasında AFFA-da 4000-ə yaxın futbolçunun qeydiyatdan keçdiyini fəxrlə söyləmişdi. Hətta sözündən belə çıxmışdı ki, onlardan əvvəl bu sahədə heç bir iş görülməmiş, ümumiyyətlə, futbolçu yetişməmişdi. Halbuki, təkcə Fuad Musayevin “Şəfa"sının Azərbaycan futboluna verdiyi istedadlı futbolçuların sayı indikindən qat-qat çox idi. Zaur Tağızadə, Ruslan Musayev, Elçin Rəhmanov, Samir Əliyev, Ramal Hüseynov, Aftandil Hacıyev, Zaur Həşimov, Rəşad Sadıqov və onlarla bu cür futbolçu saya bilərəm. Hansı ki, o vaxtkı AFFA rəhbərliyi qabaqlarına sədd çəkməsəydi, hərəsi ən azı ortabab Avropa klubunda oynayacaqdı. Görəsən, Elxan Məmmədovun fəxrlə qeyd etdiyi 8 min futbolçu sırasında bu cür istedadlar var? Futbolumuzun ac-yalavac, pulsuz vaxtında Zaur, Ruslan, Elçin, Samir, Rəşad çıxmışdı. Bəs indiki yağ-bal-qaymaq içindən kimlər çıxıb? Paz olub “Sumqayıt"ın boğazına keçirilən Orxan Əliyev yoxsa, adı “Fənərbağça", “Malaqa" ilə hallandırılan, amma özü hələ də “Əlincə"dən kənara çıxmayan Qara Qarayev?

 

Keyfiyyəti kəmiyyətə qurban verən AFFA

Elxan Məmmədovun sözlərindən belə cıxır ki, Azərbaycanda futbol günü-gündən populyarlaşır, futbolla məşğul olanların sayı hər gün artır. Yəni, 5-6 il bundan qabaq 4000 idi, keçən il 7000 oldu, bu il 8000-ə çatdı. Yəqin ki, 1-2 ilə fəxrlə 10 mininci futbolçunun AFFA-dan rəsmən qeydiyyatdan keçdiyini açıqlayacaqlar. Sual verirəm: doğurdanda Azərbaycanda 8000 adam futbolla məşğul olursa, o zaman türklər, dağıstanlılar yığmalarımızda nə gəzir? Yaxud, AFFA-nın “ştatında" 8000 nəfər azərbaycanlı futbolçu varsa, niyə Cihanları, eratları, maqaları, andreyləri yığıb doldrublar yığmalarımıza? Niyə Robert Prosineçki müdafiənin solunda oynatmağa azərbaycanlı tapmır? Yaxud, U-21-in baş məşqçisi Yaşar Vahabzadənin nəyə görə cinahlarda oynatmağa müdafiəçisi, ön xətdə oynatmağa hücumçusu yoxdur? Nəyə görə, aşağı yaş qruplarından ibarət yığmalarımızın baş məşqçiləri istedadlı uşaqların qıtlığından şikayətlənirlər? Niyə I Divizionda oynayan klubların baş məşqçiləri dad eləyib başlarını tuturlar ki, 21-22 yaşlı normal futbolçu tapa bilmirik? Onda belə çıxır ki, AFFA rəhbərliyi də Sovet dövrünün “pambıq planı" əsasında işləyir. Yəni, əsas keyfiyyət yox, kəmiyyətdi. Təxminən 2 il bundan əvvəl AFFA Azərbaycanda 7000 nəfər futbolla məşğul olduğunu açıqlayandan və bunu inkişafın göstəricisi kimi qələmə verəndən bir müddət sonra isə I Divizionda limit qoydular ki, hər komandadanın heyətində 8 nəfər yaşı 23-ə qədər olan futbolçu oynamalıdır. Məhz bu qərardan sonra I Divizion məşqçiləri “üsyan"a qalxdılar ki, Azərbaycanda 21-22 yaşlı futbolçu qıtlığı var. Deməli, AFFA üçün hər şey keyfiyyətə yox, kəmiyyətə hesablanıb. 2 təbii meydançadansa, 10 süni eləyim, sabah da hesabatımda yazaram ki, 10 stadaion tikmişəm. Yaxud, ayağı top tutan-tutmayan, hər kim olsa, qeydiyata alım, sabah söz düşəndə deyim ki, 8000 nəfər futbolçumuz var, futbolumuz saatda 8000 km/saatla hərəkət edir. Bu lap 8 mərtəbəli yalan oldu.

Yetər bizləri avam, qanmaz yerinə qoyduğunuz! Görün bu ölkənin futbolunu nə günə salıbsınız ki, artıq U-16, U-17-də də legioner futbolçuların xidmətindən istifadə olunur. Kərim birkanları, vovaları vaqon-vaqon gətirirsiniz, bir günün içində də Azərbaycan pasportu verib sırıyırsınız yığmaya. Oradan da imkanlı klublardan birinə. 1997-ci ildə bütünlüklə azərbaycanlılardan təşkil olunan U16 MİLLİmiz Avropa çempionatının seçmə mərhələ matçında İtaliyada bu ölkənin millisi ilə 0:0 oynamışdı. Amma bu gün legionerlərin hesabına “güclənmiş", ildə 4 dəfə ölkə xaricində təlim-məşq toplanışı keçib turnirlərdə iştirak edən U-16 YIĞMAmız irlandlardan 6 qol yeyir. Sovetin “pambıq planı" kimi siz də burada “futbolçu planı" doldurmayın! 1000 nəfər futbolla məşul olsun, amma o 1000 nəfərin içindən normal 2-3 futbolçu yetişsin. Heç kimə bu cür saxta rəqəmlər lazım deyil, özünüzdən savayı. Şübhə yox ki, yenə öz bildiyinizi edəcəksiniz. Sadəcə, demək istəyirəm ki, bizi də avam yerinə qoymayın. Onsuz da Azərbaycan futbolunun inkişafını yox, cibinizin inkişafını düşündüyünüzü gözəl bilirik.

Anar XANLAROV

“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti