Dünyanın ən böyük stadionu hansıdır? Bu suala çoxları tərəddüd etmədək “Marakana" deyə cavab verəcəklər. Həqiqətən, “Marakana" dünyada ən böyük stadiondur? 1950-ci ildə keçirilən dünya çempionatının finalında Braziliya - Uruqvay oyunu bu stadionda keçirilmişdi. Meydan sahiblərinin 2:1 hesabı ilə məğlub olduğu həmin oyunda stadion tarixində rekord qeydə alınmışdı. Belə ki, final oyununu 199 min 854 azarkeş izləmişdi. Yenidənqurma işlərindən sonra “Marakana"nın tamaşaçı tutumu 78.838-ə enmişdi. Ötən ilki dünya çempionatında isə tribunadakı yerlərin sayı 73.531 idi. Bu göstərici ilə əfsanəvi stadion indi heç dünyanın 50 ən böyük idman arenası sırasına da düşə bilmir.
Bəs, dünyanın ən böyük stadionlu hansıdır? Tamaşaçı tutumuna görə ilk “25-liy"i diqqətinizə çatdırırıq. Maraqlıdır ki, haqqında bəhs edəcəyimiz stadionların yarısından çoxu - 14-ü ABŞ-da yerləşir. Bəri başdan əminliklə qeyd edirik ki, dünyanın ən böyük stadionunun harada yerləşdiyindən xəbəri olmayanlar bunu bildikdə təəccüblənəcəklər.
25. “Bürc-əl-Ərəb"
(Misir) - 86.000
Böyüklüyünə görə Misirdə 1-ci, Afrika qitəsində isə 2-ci stadion. Stadion Misir ordusu tərəfindən 2006-cı ildə İsgəndəriyyə yaxınlığındakı Bürc-əl-Ərəb şəhərində inşa edilib. Arenanı tikməkdə məqsəd Misir millisinin 2010-cu ildə keçirilmiş dünya çempionatının final mərhələsinə vəsiqə verən oyunlarını təşkil etmək olub. Amma misirlilər CAR-dakı mundialda iştirak edə bilmədilər. Hazırda stadion Misir yığmasının oyunları, Misir Kubokunun finalı və digər vacib matçlar üçün istifadə olunur.
24. “Memorial Stedium" (ABŞ) - 87.091
Nebraska ştatının Linkoln şəhərində yerləşən bu stadion 1923-cü ildə inşa edilib. Burada amerika futbolu üzrə Nebraska Universitetinin “Nebraska Cornhuskers" komandası ev oyunlarını keçirir.
23. “Cordan Heyr" (ABŞ) - 87.451
1939-cu ildə istifadəyə verilib. Alabama ştatının Obern şəhərində yerləşən idman qurğusunda da “Memorial Stadium"da olduğu kimi amerika futbolu üzrə oyunlar keçirilir. “Ev sahibi" isə yerli universitetin “Auburn Tigers" (Obernli pələnglər) komandasıdır.
22. “Bunq Karno"
(İndoneziya) - 88.083
Stadion İndoneziyanın paytaxtı Cakartada yerləşir və 1960-cı ildən istifadədədir. “Bunq Karno" 1962-ci ildə İndoneziyada keçirilmiş Asiya Oyunlarının keçirilməsi məqsədilə inşa edilib. Ölkənin ən böyük stadionunda hazırda İndoneziya millisi ev oyunlarını keçirir.
21. “Ben Hill Qriffin" (ABŞ) - 88.548
Florida ştatının Qeynsvill şəhərində yerləşən stadion da əsasən amerika futbolu üçün nəzərdə tutulub. Burada Florida universitetinin “Florida Gators" (Florida alliqatorları) komandası “qonaqları" qəbul edir.
20. “Uembli" (İngiltərə) - 90.000
Könhə və yeni “Uembli"ləri səhv salmaq olmaz. Köhnə “Uembli" 1923-cü ildə inşa edilmişdi və ilk vaxtlar 123.000 tamaşaçı tutumuna malik idi. Daha sonra oturacaqların quraşdırılması ilə bu rəqəm 82.000-ə endirilmişdi. Köhnə “Uembli"nin 2000-ci ildə fəaliyyəti dayandırıldı və 3 il sonra söküldü. Yeni “Uembli" isə elə həmin il istifadəyə verildi. Burada İngiltərə yığması ev oyunlarını keçirir. İngiltərə Kubokunun finalını da canlı olaraq ancaq burada izləmək mümkündür. Bundan başqa “Uembli" “Sarakens" reqbi komandasının da “ev"i sayılır.
19. “Azadi"
(İran) - 91.623
Stadion 1974-cü ildə İranda təşkil olunmuş Asiya Oyunlarının keçirilməsi üçün Tehranda inşa edilib və 1971-ci ildə istifadəyə verilib. Burada İran yığmasının əksər ev oyunları keçirilir. Bundan başqa “Azadi" İran birinciliyində çıxış edən “Persopolis" və “İstiqlal"ın ev oyunlarını keçirdiyi arenadır.
18. “Kotton Boul" (ABŞ) - 92.100
1930-cu ildə inşa edilən bu arena Texas ştatının Dallas şəhərindədir. Burada amerika futbolu üzrə bir neçə komanda ev oyunlarını keçirir. 1994-ci ildəki mundialın bir neçə oyunu “Kotton Boul"da baş tutub.
17. “Tayger Stedium" (ABŞ) - 92.542
Daha bir “Amerika nəhəng"i Luiziana ştatının Baton-Ruj şəhərindədir. 1924-cü ildən istifadədədir və Luiziana Universitetinin komandasının doğma meydanıdır. Əlbəttə, amerika futbolu üzrə.
16. “Senford Stedium" (ABŞ) - 92.746
Stadion 1929-cu ildə istifadəyə verilib və Afinada yerləşir. Yox, Yunanıstanda deyil, Corciya ştatının Afina şəhərində. Burada da... Hər halda təkrar edək - amerika futbolu üzrə yarışlar keçirilir. Ev sahibi isə yerli universitetin “Georgia Bulldogs" (Corciya buldoqları) komandasıdır.
15. “Los-Anceles
Memorial Kolizey" (ABŞ) - 93.607
1923-cü ildən fəaliyyət göstərən stadion 1932 və 1984-cü illərdə keçirilmiş Yay Olimpiya Oyunlarının məkanı olub. Olimpiada olmayanda isə Cənubi Kaliforniya ştatı Universitetinin “Trojans" “(Troyalılar") komandası amerika futbolu üzrə yarışlarda “başını qatır".
14. “Rouz Boll"
(ABŞ) - 94.392
1994-cü ildəki dünya çempionatının oyunlarının və finalının keçirildiyi bu stadion 1922-ci ildə istifadəyə verilib. Kaliforniya ştatının Pasadena şəhərində yerləşən “Rouz Boll" hazırda amerika futbolu üzrə ABŞ birinciliyində çıxış edən Kaliforniya Universitetinin komandasının sərəncamındadır.
13. “Sokker Siti"
(CAR) - 94.736
Afrikanın ən böyük stadionu olan “Sokker Siti"də CAR yığmasının və 11 qat ölkə çempionu “Kayzer Siti" ev oyunlarını keçirir. Stadion 1989-cu ildə istifadəyə verilib. 1996-cı ildə Afrika Millətlər Kubokunun finalı və 2010-cu ildəki mundialın həlledici qarşılaşması da burada təşkil olunmuşdu.
12. “Kamp Nou"
(İspaniya) - 99.736
Katalon dilindən tərcümədə “Yeni meydan" mənasını verən arena Avropada sırf futbol üçün nəzərdə tutulan ən böyük stadiondur. 1957-ci ildə “Barselona"nın ixtiyarına verilən “Kamp Nou"da 1982-ci ildəki dünya çempionatının finalı və 1992-ci il Yay Olimpiya Oyunları keçirilib.
11. “Melburn Kriket Qraund" (Avstraliya) - 100.024
Avstraliya qitəsinin ən böyük stadionu Sidneydədir. Burada Avstraliyanın kriket üzrə milli komandası oyunlarını keçirir. Maraqlıdır ki, arena 19-cu əsrin ortalarında, konkret olaraq 1854-cü ildə inşa edilib və indiyə kimi orada bir dəfə də olsun yenidənqurma işləri aparılmayıb. 1956-cı ildə keçirilən Yay Olimpiya Oyunlarının keçirildiyi əsas yer olan “Melburn Kriket Qruand" 2000-ci ildəki olimpiadada futbol matçlarını qəbul edib.
10. “Darrell Royal" (ABŞ) - 100.119
Texas ştatının Ostin şəhərində yerləşən bu arenanın başqa adı da var - “Texas Memorial Stedium". 1924-cü ildə inşa edilib. Bir vaxtlar amerika futbolu üzrə ABŞ yığma komandasının baş məşqçisi olmuş Darrell Royalın şərəfinə adlandırılıb. Hazırda “Texas Longhorns"un sərəncamındadır.
9. “Bukit Calil"
(Malayziya) - 100.200
"Darrell Royal"dan cəmi 1 azarkeş çox qəbul etməyi bacaran “Bukit Calil" Malayziyanın paytaxtı Kuala-Lampurda yerləşir. 1998-ci ildə “Birlik Kuboku" (MDB ilə səhv salmayaq) yarışlarını qəbul etmək üçün tikilib. Hazırda burada Malayziya yığması rəqiblərini qəbul edir. Bundan başqa ölkə kuboku və Superkubokun finalları da “Bukit Calil"də keçirilir.
8. “Brayan Denni
Stedium"
(ABŞ) - 101.821
Alabama ştatında yerləşən daha bir möhtəşəm stadion. Tuskalusa şəhərindəki “Brayan Denni Stedium" 1928-ci ildə istifadəyə veriləndə tamaşaçı tutumu cəmi 18 min idi. Yenidənqurma işləri nəticəsində arena hazırda dünyanın 8-ci ən böyük stadionuna çevrilib.
7. “Ohayo Stedium" (ABŞ) - 102.329
Ohayo ştatının Kolumbas şəhərindəki stadion 1922-ci ildə tikilib və 66 min tamaşaçı tutumuna malik olub. Hazırda Ohayo Universitetinin amerika futbolu üzrə “Ohio State Buckeyes" komandasının istifadəsindədir. Arena bir cəhəti ilə digərlərindən dərhal seçilir. Belə ki, stadion işıqlandırma sisteminə malik deyil. Bu üzdən yarışlar gündüz saatlarına salınır. Yaxud, müvəqqəti olaraq stadiona gətirilmə işıq sistemləri quraşdırılır və yarışlar bitdikdən sonra aparılır.
6. “Niyland Stedium" (ABŞ) - 102.455
Bu stadion isə Tennesi ştatının Noksvill şəhərindədir və 1921-ci ildən azarkeşlərə “qucaq açıb". İlk vaxtlar cəmi 3200 (üç min iki yüz) yerlik arenanı amerika futbolu üzrə “Tennessee Volunteers" komandası icarəyə götürüb.
5. “Asteka"
(Meksika) - 105.064
Dünyada sırf futbol üçün nəzərdə tutulmuş ən böyük stadion Latın Amerikasındadır. Meksikanın paytaxtı Mexikoda inşa edilən “Asteka" 1970 və 1986-cı illərdə keçirilmiş dünya çempionatının oyunlarını qəbul edib. Dieqo Maradona burada əllə məşhur qol vurmuşdu. İndi Meksika yığma komandası və 10 qat Meksika çempionu “Amerika" ev oyunlarını “Asteka”da keçirir.
4. “Biver Stedium" (ABŞ) - 106.572
ABŞ-da böyüklüyünə görə 2-ci olan stadion 1960-cı ildə Pensilvaniyada inşa edilib və ilk vaxtlar tamaşaçı tutumu 46 min civarında olub. Sonradan yenidənqurma işləri sayəsində tamaşaçı tutumu 2 dəfədən çox artırılıb. “Penn State Nittany Lions" amerika futbolu komandası ev oyunlarını burada keçirir.
3. “Miçiqan Stedium" (ABŞ) - 109.901
Nəinki ABŞ-da, ümumiyyətlə, Amerika qitəsində ən böyük stadion. “Miçiqan Stedium" Miçiqan ştatının Enn-Arbor şəhərində 1927-ci ildə tikilib. İlk vaxtlar tribunalarda 72 min yer var idi. “Michigan Wolverines" ev oyunlarını burada keçirir. Bundan başqa burada hokkey matçları da tşkil edilir. 2010-cu il dekabrın 11-də hokkey üzrə yarışlarda azarkeşlərin sayına görə dünya rekordu burada yenilənib. İki yerli hokkey komandasının oyununu izləmək üçün “Miçiqan Stedium"a 104.073 azarkeş təşrif buyurmuşdu.
2. “Hind gənclərinin stadionu"
(Hindistan) - 120.000
Arenanın başqa adı da var - “Salt Lake Stadium". 1984-cü ildə inşası başa çatıb. Kəlküttədə yerləşir. Hindistan milli komandası, “İst-Benqal", “Moun Baqan" və “Mohammedan" klubları oyunlarını “gənclər üçün nəzərdə tutula yer"də keçirir. Bundan başqa arenada yüngül atletika üzrə yarşlar da təşkil edilir.
1. “1 May Stadionu" (Şimali Koreya) - 150.000
Dünyanın ən böyük stadionu nə “futbol inkubatoru" sayılan Braziliyada, nə futbolun mərkəzi hesab edilən Avropada, nə də yazının gedişində adına daha çox rast gəldiyimiz ABŞ-da yerləşir. Dünyanın ən böyük stadionu Koreyadadır. Özü də iqtisadi cəhətdən daha çox inkişaf etmiş Cənubi Koreyada yox, kommunizm ideyasının təbliğ olunduğu Şimali Koreyada. Stadion 1989-cu ildə şimali koreyalı gənclərin XIII festivalının keçirilməsi üçün tikilib. İndi burada Şimali Koreya yığması ev oyunları keçirir.
Hazırladı: AZƏR
“Het-trik news” qəzeti