Mayın 19-dan etibarən "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
Çempionatdan öncə Azərbaycan bütün region və bölgələrində fəaliyyət göstərən klub və cəmiyyətlərin məşqçiləri və güləş hakimlərinin iştirak etdiyi ümumrespublika seminarı keçirildi.
"Qanunsuz yaş dəyişdirilməsi prosesi idmanda çox ciddi bir problemdir. Dünyanın bütün ölkələrində belə hallara rast gəlinir. Məhz buna görə Dünya Güləş Birliyi bu prosesin qarşısını almaq üçün bütün milli federasiyalar qarşısında tələb qoyub. Azərbaycan qanunvericiliyində də bu məsələ birmənalı olaraq qadağan edilib. İstənilən halda güləşçilərin yaş dəyişdirməsi yolverilməzdir və belə bir halla rastlaşacağımız təqdirdə biz bunun qarşısını qanun çərçivəsində alacağıq. Ona görə də, məşqçilərdən işlərini qanun çərçivəsində qurmaları xahiş və tələb olunur".
Daha sonra Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssis, Dünya Güləş Birliyi elm departamentinin üzvü Ramazan Savranbaşı Avropa və dünya çempionatlarında yeniyetmə və gənclərin nailiyyətləri ilə onların böyüklər yaş qrupundakı nailiyyətlərinin statistik təhlili və müxtəlif yaş qruplarında güləş idman növünün tədrisi və məşq planlaması mövzusunda çıxış edib. Fotoşəkillər və video görüntülərdən hazırlanmış slaydlar üzərində fikir mübadiləsi aparılıb.