Təbrizdəki hadisələrin canlı şahidi: "Qarabağ"ın başına gələnləri "Traktor Sazi"yə də yaşatdılar"

02:55 19 May 2015

Mayın 15-də İran çempionatında 2014/2015 mövsümünə yekun vurulub.
 
 
SportArena.az xəbər verir ki, son tura kimi turnir cədvəlinə başçılıq edən Təbrizin "Traktor Sazi" klubu öz meydanında  "Naft Tehran"ı qəbul edib. 

Oyunun gedişində Təbriz təmsilçisi hesabda 3:1 hesabı ilə irəlidə olmasına rəğmən, üstünlüyünü sona kimi qorumağı bacarmayıb. Belə ki, ikinci hissədə meydan sahiblərində Andranik Teymuryan qırmızı vərəqə alaraq, komandasını azlıqda buraxıb. Bundan istifadə edən qonaqlar hesabı 3:3-ə çatdırıb. Matç bu hesabla başa çatıb. "Traktor Sazi"  bu nəticə ilə xalını 58-ə yüksəldərək, çempionatı ikinci pillədə başa vurub.

İsfahandakı qarşılaşmada "Saypa"ya 2:0 hesabı ilə qalib gələn "Sepahan" isə 59 xalla İran çempionu olub. Düzdü, bu yerdə hər şey bəsit görünə bilər. Ancaq son turda bir çox qəribə hadisələr baş verib ki, bu, hələ uzun müddət təbrizlilərin yaddaşlarından silinməyəcək. 

Bu arada, onu da qeyd edək ki, Təbrizdəki görüşü tribunadan canlı izləyənlər arasında "Sektor 11" azarkeş qrupu və "Forza Neftçi" fanklubunun üzvləri də olub. Arenada yaşanan olayların canlı şahidi olmuş "Sektor 11"in  rəhbəri Atanur Cəfərli Bakıya qayıtdıqdan sonra saytımıza açıqlama verərək, gördüklərindən şoka düşdüyünü bildirdi: 

"İrana azarkeş qrupundan 5 nəfərlik heyətlə getmişdik. Demək olar ki, heç bir təzyiqlə üzləşmədik. Bizi orada çox gözəl qarşıladılar. Oyunun başlanmasına 7 saat qalmış stadiona getsək də, tribunada artıq yerlər dolu idi. Qarşılaşmanı 100 min azarkeş izləyirdi. Hələ minlərlə insan bayırda qalmışdı. Tribunada Azərbaycana aid çoxlu şüarlar səsləndirirdilər. 100 min insanın eyni anda "Yaşasın Azərbaycan" deməyini sözlə ifadə etmək çətindi. Biz heç bir plakat aça bilməzdik. Çünki buna icazə yoxdu. Orda bəzi plakat açanları da həbs edirdilər. Əlbəttə ki, səfərə öz hesabımıza getmişdik. Başqa necə ola bilərdi ki.

Matçın son 15 dəqiqəsinə qədər oyun 3:1 hesabı ilə təbrizlilərin xeyrinə davam edirdi. Lakin qonaq komanda vurduğu 2 qolla hesabı bərabərləşdirməyə nail oldu. Amma stadionda verilən anonsa əsasən bərabərlik də təbrizliləri çempion edirdi. Çünki stadionda verilən anonsda bildirildi ki, paralel keçən görüşdə “Sepahan”ın oyunu 2:2 hesabıyla bərabərə bitirib. Heç nədən xəbərsiz futbolçular və texniki heyət matç bitdikdən sonra isə azarkeşlərin də meydana axışması ilə birgə çempionluq sevincinə başladılar. 

Amma sonradan məlum olub ki, “Sepahan” rəqibini 2:0 hesabı ilə məğlub etdi. Bir anda 100 min azarkeşin sevinci göz yaşına döndü. Bir neçə nəfərin isə həmin anda ürəyi tutaraq, yerə yıxılıb və onları təcili yardımla xəstəxanaya aparıblar. “Traktor Sazi”nin baş məşqçisi Toni Oliveyra fotokameraların yaddaşına əvvəlcə sevincli, sonra ağlayarkən düşdü.

Deyilənə görə, anonsda verilən səhv məlumat stadionda təhlükəsizliyi qorumaq və camaatı sakitləşdirmək üçün edilib. Oliveyra isə komandasının 3:3-lük hesabla çempion olacaqlarını düşünüb, yetirmələrindən bu nəticəni qorumağa çalışmalarını istəyib. Ümumiyyətlə, son dəqiqələrdə Təbriz stadionunda bütün internet və mobil telefon əlaqələri kəsilib. Bir sözlə, əvvəlcə azarkeşlər elə bildi ki, çempion olublar. Bu üzdən meydana girdilər. Lakin biləndə ki, onları aldadıblar, dərhal ara qarışdı. Camaatı ambulansa daşıyırdılar, polislər xeyli azarkeşi də tutdular.

Bizim üzümüz nə vaxt güləcək. Çempionluğumuzu əlimizdən aldılar. "Qarabağ"ın başına gələnlər burada da "Traktor Sazi"yə oldu. Oyundan sora soydaşlarımızın "Biz çempion olmadıq, amma bizim əsl çempionluğumuz sizin bura gəlməyinizdi" söyləməsi gözəl anlardan biri idi.  Mən də elə düşünürəm ki, bizim çempionluğumuzu alsalar da, ordakı farslar 40 milyon azərbaycanlının bir dənəsini də ala bilməyiblər. Səfərimizdən bu nəticəyə gəldim ki, onlar bizdən daha çox Azərbaycanlıdırlar".futbolinfo


Digər xəbərlər

Xəbər xətti